İctimaiyyətlə əlaqələr sizin üçün doğru karyera seçimidirmi?

You are currently viewing İctimaiyyətlə əlaqələr sizin üçün doğru karyera seçimidirmi?

Təxminən 11 il əvvəl mən İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində karyeramın ilk mərhələsinə qədəm qoydum. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayarkən mən öz təhsil ehtiyatlarımı Bakı Dövlət Universitetinin Filologiya fakültəsi üzrə bakalavr dərəcəsi ilə və bir sıra müvafiq kurslarla zənglinləşdirmişdim. Təcrübə məsələsində isə jurnalistika, menecment və müəllimlik kimi sahələrdə özümə ehtiyyatlar toplamışdım. Gözləntilərim böyük idi. Böyük brendlərin ağlasığmaz təqdimatları, mükafatlar, ciddi nailiyyətlər və sair. Çalışdığım illər ərzində anladım ki, iş və karyera heç də kino deyil. Buradakı hekayələr romantik deyil. Daha çox praqmatik həyat hekayələri üzərində işləməli olursan. Karyera əslində ağır iş, yuxusuz gecələr və s. deməkdir. Öz üzərində ciddi çalışmadan, gecəni gündüzə qataraq işləmədən karyerada ciddi müvəffəqiyyətlər qazanmaq çətin məsələdir. Mənim rezümem (CV) və təhsilim karyera üçün yalnız başlanğıc idi. Qarşıda isə ciddi sınaqlar dayanmışdı. Mən isə sadəlöhvcəsinə düşünürdüm ki, həyat və karyera filmlərdəki kimi yüksələn xətt üzrə gedəcək. Əslində isə bu yolun eniş və yoxuşları var. Çala-çuxurlara düşərək zədələnməkləri var.

Bir sıra insanlar hərbçi və ya polis olmağı ağıllarına gətirməzlər. Başqa biriləri isə bunu həyatlarının qayəsi sayırlar. Hərb meydanlarında qətiyyət göstərirlər, əsgəri işin bütün çətinliklərinə dözərək özlərinə karyera qurmağa çalışırlar. Bir insanın general mundiri daşıması, bu formada paradlara və tədbirlərə qatılması necə də qürurlu mənzərədir. Biz bəzən düşünürük ki, həmin insanlar elə general olaraq gəliblər dünyaya. Halbuki onlar bu rütbəyə çatmaqdan ötrü bəzən qanlı müharibələr, adi insanın tab gətirə bilməyəcəyi ağır təlimlər və yüzlərlə kitabı əzbərdən bilməyi tələb edən təhsildən keçməli olurlar. Bunlarla yanaşı, insani münasibətləri düzgün qura bilmək, psixoloji məsələləri anlamaq, insanların etimadını qazanmaq və onlara təsir göstərə bilmək kimi şəxsi keyfiyyətlərə də sahib olmaq üçün üzərlərində çalışırlar.

Bunu da oxu:   Korporativ sektorda PR fəaliyyətin əhəmiyyəti və rolu

İxtisasların çoxu belədir. Hərb işinin fiziki və mənəvi gərginlikləri daha çoxdur. Mülki işlərdə çətinliklər bir qədər azdır. Yenə də özünün çətinlikləri mövcuddur. Elə ictimaiyyətlə əlaqələr də belə sahələrdən biridir.

İlk olaraq ictimaiyyətlə əlaqələr işinin nə olduğuna nəzər salaq. Bu reklamçılıq deyil. Bu press-reliz yazmaq sənəti də deyil. Bu sahə məhsulların satışını artırmaq üçün həyata keçirilən marketinq fəaliyyətindən də uzaqdır. İctimaiyyətlə əlaqələr təşkilat və onun hədəf kütləsi arasında qarşılıqlı fayda verən strateji kommunikasiya prosesidir.

PR agentliyində və ya hansısa təşkilatın İctimaiyyətlə əlaqələr departamentində işə düzələrkən sizin fəaliyyətiniz yalnız brendin tanıdılması olmayacaq. Siz strateji olaraq reputasiyanın qurulması, inamın artırılması barədə düşünməli olacaqsınız. Bu uzunmüddətli bir prosesdir. Bir ayın içində reputasiya formalaşmır. Reputasiya illər boyu formalaşır, lakin bir səhvin ucbatından an içində dağılır. PR mütəxəssisi olaraq siz müxtəlif maraq qrupları – jurnalistlər və media şirkətləri, dövlət qurumları, digər təşkilatlar, biznes şəbəkələri ilə sıx ünsiyyətdə olmalısımız. Siz bu əlaqələri şəxsi görüşlər, media vasitəsi ilə kommunikasiya, sərgilər, tədbirlər vasitəsi ilə reallaşdıra bilərsiniz.

Bəs PR və kommunikasiya sahəsində uğurlu karyera qura bilmək üçün sizə hansı şəxsi keyfiyyətlər lazımdır?

1. Təhsiliniz mütləq kommunikasiya sahəsində olmalıdırmı?

Kommunikasiya və ya kütləvi kommunikasiya deyərkən günümüzdə adətən qəzet, xəbər saytı, radio, televiziya və s. kommunikasiya vasitələri nəzərdə tutulur. Bəs bu sahədə təhsil sizə nə dərəcədə yardımçı ola bilər? Bu sualı cavablandırmaq bir qədər çətindir. Çünki yerli və xarici PR cameəsində kifayət qədər uğurlu karyera qura bilən şəxsləri göstərə bilərik ki, əsas ixtisasları ümumiyyətlə sahəyə yaxından-uzaqdan bağlı deyil. Bununla belə şəxsi keyfiyyətlər, yazılı və verbal kommunikasiya qabiliyyətləri, o cümlədən texnoloji biliklər bu sahədə kifayət qədər uğurlu karyera qurmanıza yardımçı ola bilər.

Bunu da oxu:   Tbilisi şəhərində gördüklərim

2. Qlamurluq işin yalnız kiçik bir parçasıdır

Bir çox adamlar düşünür ki, PR və kommunikasiya sahəsində işləyərkən günlük həyatları müxtəlif qlamur tədbirlər, məşhurlarla şam yeməkləri kimi zənginliklərlə dolub-daşacaq. Lakin PR böyük bir parti deyil ki, hər gününüz qlamur insanların əhatəsində keçsin. Bu fəaliyyət biznesin digər növləri kimi sabit plan və proqrama əsaslanır. Planlar qurulur və həmin planlara əsasən fəaliyyətlər həyata keçirilir. İşlərin yekununda monitorinq aparılır və fəaliyyətin effektivliyi qiymətləndirilir. Fəaliyyət planının tərkibində bəzən qlamur tədbirlər də ola bilər. Lakin həmin tədbirlər kənardan baxanlar üçün cəlbedici birşey kimi görünsə də, sizin üçün ağır iş rutinidir. Sizin məqsədiniz bəzən alın təriniz hesabına o qlamur görüntünü yaratmaqdan ibarət olur.

3. İnsanlara təsir etmək qabiliyyəti

Əgər sizin mükəmməl bir ideyanız varsa, bu ideyaları insanlara çatdırmaq və onları maraqlandırmağı bacarmaq ciddi bir çətinlikdir. Siz həmin ideyanı satmağı bacarmalısınız. Böyük anlamda götürdükdə PR satış prosesidir. Burada məhsul və xidmətlər deyil, ideyaların satışı həyata keçirilir. Hər bir satış adamında olduğu kimi piarçının da insanlara təsir göstərmək onlarada inam yaratmaq qabiliyyəti önəmlidir. Bu qabiliyyət şəxsi keyfiyyətlərlə yanaşı, təhsil, bilik və təcrübə ilə formalaşır.

4. İntrovert, yoxsa ekstravert… Əslində fərq etmir

Bəzən düşünülür ki, piarçılar daha çox ekstravert olmalıdır. Daha çox ünsiyyəcil, aktiv insanlar PR sahəsində uğur qazana bilər, lakin özünə qapalı, sakit və utancaq insanlar bu sahənin adamları deyil. Əslində isə bunun mövzuya aidiyyatı o qədər də çox deyil. Çünki kommunikasiya prosesi konkret kommunikasiya alətləri və onların istifadə imkanları barədə biliklərdən daha çox asılıdır, nəinki inanın psixoloji portretindən. Əsas olan mesajları müəyyən etməyi bacarmaq, onların kütlədə təsir imkanlarını təhlil etməyi bilmək və lazımi anda həmin mesajları ötürmək qabiliyyətidir. Proses press-relizlər, filmlər, konsertlər, sərgilər, sosial media hesabları və s. kommunikasiya vasitələri ilə həyata keçirilir. Bu baxımdan piarçının yuxarıda göstərilən xüsusiyyətlərə bələd olması, xarakterinin introvert və ya ekstravert olmasından daha çox asılıdır.

Bunu da oxu:   Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

5. Uğuru heç nə nəticə qədər təsvir edə bilməz

Siz ağıllı, kreativ və təşəbbüskar ola bilərsiniz. Hətta ideyalarınızın həyata keçməsi üçün bütün bilik və qabiliyyətlərinizi ortaya qoya bilərsiniz. Sizin iş prosesiniz gərgin keçə bilər. Lakin sonda hər şeyə nəticədən asılı olaraq qiymət verilir.

İstənilən layihələrdə olduğu kimi, PR sahəsindəki işlər də spesifik, ölçülə bilən, realistik xüsusiyyətlərə malik olmalıdır və sonda görülən və ölçülə bilən nəticələrlə yekunlaşmalıdır. Nəticə gözləntiləri doğruldursa, o nəticəyə gedən yola heç kim nəzər salmaq istəməyəcək. Nəticələr arzuolunan deyilsə, sizin bu nəticələrə gəlmək üçün hansı çətinliklərdən keçdiyiniz heç kimi maraqlandırmayacaq.

Beləliklə, biz PR sahəsində karyera qurmaq üçün bəzi xüsusiyyətlər barədə təcrübəmizi bölüşdük. Əgər yuxarıdakı şəxsi keyfiyyətlərə sahib olduğunuzu düşünürsünüzsə, PR sahəsində uğurlu karyera imkanlarınız da var.

Subscribe
Notify of
guest
3 Şərhlər
oldest
newest most voted
Inline Feedbacks
View all comments
Murad
Murad
3 months ago

Baki Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. PR sahəsində karyera qurmaq istəyirəm. Nə məsləhət görürsünüz?

İlqar
İlqar
3 months ago

Çox maraqlı məqalədir. Təşəkkür edirəm