İctimaiyyətlə əlaqələr nədir?

İctimaiyyətlə əlaqələr nədir?

Dünyada sənayenin, elmin və texnologiyanın inkişafı öz növbəsində iqtisadi artıma da təkan verib. Bununla yanaşı gündəlik iş həyatımıza yeni anlayışlar da gətirib. Son dövrlər teztez hallanan “İctimaiyyətlə əlaqələr” birləşməsi də bu qəbildən olan anlayışlardandır. İctimaiyyətlə əlaqələr dünyada daha çox PR abreviaturası ilə məşhurdur. İngilis dilindəki “Publik Relations” (İctimai əlaqələr) söz birləşməsinin qısaltmasıdır.

PR anlayışı həm dövlət qurumları, həm siyasi partiyalar, həm də ki, özəl biznes sektoru üçün eyni səviyyədə keçərli məvhumdur. PR-ın yuxarıda adı çəkilən tip təşkilatların fəaliyyətində nəyə görə önəmli yer aldığına nəzər yetirək.

İstər dövlət qurumu olsun, istər siyasi partiyaı, istərsə də biznes sturukturu: Hər biri üçün ictimaiyyətlə əlaqələr işi eyni dərəcədə önəmlidir. Çünki PR hər bir quruma fayda gətirmək üçün həyata keçirilən fəaliyyətlər sistemidir. Lakin bəzi hallarda bu proses təşkilatın özünün faydası üçün deyil, cəmiyyətin tələbi əsasında formalaşır.

İctimaiyyətlə əlaqələr hər şeydən əvvəl cəmiyyətin etimadını qazanmaq üçün atılan addımlardır. Müasir dövrümüzdə dünyanın əksər dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının konstitusiyasına əsasən, hakimiyyət xalqa mənsubdur. Konstitusiyamızın birinci fəslinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Elə bu səbəbdəndir ki, dövlət hakimiyyətinin bütün qollarına (icra, məhkəmə və qanunverici hakimiyyət) mənsub olan qurumlar öz fəaliyyətləri barədə cəmiyyətə mütəmadi olaraq informasiya vermək öhdəliyi daşıyırlar. Bununla yanaşı, hər bir dövlət qurumu öz fəaliyyətini xalqın etimadını qazanmaq istiqamətində də qurur. Cəmiyyətin etimadı hər bir ddövlət qurumunun əldə etdiyi ən böyük fayda sayılır. Çünki hər bir dövlət qurumu insanların ödədikləri vergi əsasında formalaşan büdcə sayəsində fəaliyyət göstərir. Başlıca missiyası xalqa və xalqın yaratdığı dövlətə xidmət etməkdir. Bu qurumlar xalqın rifah halını yaxşılaşması ilə yanaşı, bu xalqın qurduğu yaşaması istiqamətində də fəaliyyət göstərirlər. Odur ki, dövlət qurumlarının ictimaiyyətlə əlaqələri düzgün şəkildə qurması qanunların tələbi olmaqla yanaşı, həm də xidmət etdiyi xalq qarşısında mənəvi öhdəliyidir.

Siyasi partiyalar və biznes strukturlarında isə ictimaiyyətlə əlaqələr anlayışına yanaşma dövlət qurumlarından bir qədər fərqlənir. Siyasi partiya davamlı struktura malik olan və dövlətin siyasi kursunun müəyyənləşdirilməsini və onu həyata keçirən orqanların işində iştirak edilməsini əsas vəzifə hesab edən ictimai birliklərdir. Əsas missiyası hakimiyyət orqanlarında təmsilçilik olan siyasi partiyalar üçün ictimaiyyətlə əlaqələr sözsüz ki, ən vacib fəaliyyət növüdür. İstənilən siyasi partiyanın hakimiyyətdə təmsil olunub-olunmaması ilk növbədə xalqın seçimidir. Bu baxımdan xalqla (ictimaiyyətlə) əlaqələri düzgün şəkildə quraraq seçicilərin etimadını qazanmaq hər bir partiya üçün olduqca vacibdir. Göründüyü kimi PR siyasi partiyalar üçün fayda götürmək üçün atılan addımlardır.

Dövlət qurumları və siyasi partiyalarda olduğu kimi, biznes strukturlarında da ictimayyətlə əlaqələr fayda götürməyə hesablanmış fəaliyyət növüdür. Bazar iqtisadiyyatı dövründə istənilən biznes qurumu ayaqda qalmaq və irəli getmək üçün istehsal etdiyi mal və xidməti satmaq məcburiyyətindədir. Məsələ burasındadır ki, çoxsaylı istehsalçıların olduğu və bazarda eyni kateqoriyaya məxsus malların və xidmətlərin satıldığı dövrdə satışın yaxşı olması üçün məhsulun ucuz qiymətə təklif edilməsi yetərli deyil. İstehlakçı məhsulunu aldığı istehsalçıya etibar etməlidir. Etibar problemi isə günümüzdə ictimaiyyətlə əlaqələr sayəsində öz həllini tapır. İctimaiyyətlə əlaqələr yekun olaraq məhsul və xidmətlərin satışının atmasına xidmət etsə də, onu qətiyyən marketinq və reklam ilə qarışıq salmaq doğru deyildir. Əgər reklam qısa müddətdə hansısa məhsul və ya xidmətin satışının armasına xidmət edirsə, ictimaiyyətlə əlaqələr stabil və davamlı mənfəəti hədəfləyir.

İctimaiyyətlə əlaqələr başqa bir ifadə ilə imic yaratmaq sənəti də adlandırmaq olar. Sözsüz ki, hər bir təklilat, hətta ayrı-ayrı fərdlər üçün yüksək imic olduqca faydalıdır. Əgər sizin yüksək imiciniz varsa, sizinlə əməkdaşlıq etməyə çalışırlar, sizə güzəştə gedirlər və istehsal etdiyiniz məhsulu arxayınlıqla alırlar. Belə bir imici yaratmaq üçün hədəf kütlə ilə təşkilat arasında qarşılıqlı anlayışı təmin etmək, qarşılıqlı etimad, sayğı və sosial məsuliyyət hissini formalaşdırmaq gərəkir. Bu isə öz növbəsində araşdırmalar aparmaq, məlumat toplamaq və cəmiyyətlə ünsiyyətin mövcud olan texnikalarından istifadə etmək lazımdır. Əgər bir biznes qurumu öz hədəf kütləsini özü ilə eyni tərzdə düşünməsini təmin edə bilirsə, deməli, yekun etibarilə həmin qurumun qazancları da artmış olacaq.

Biz hər birimiz hansısa biznes qurumunun hədəf kütləsinə daxil olan fərdlərik. Bu səbəbdən də, hədəf kütləyə istiqamətlənən hər hansı bir fəaliyyətə başlamazdan öncə hadisələrə hədəf kütlənin bir fərdi kimi də baxmalıyıq. Misal üçün, marketdə alış-veriş edirsiniz və alacağınız ərzaqların siyahısında çay da var. Lakin hansı marka bir çayı alacağınız barədə heç bir qərarınız yoxdur. Çay satılan bölmədə piştaxtaların üzərinə düzülmüş məhsulların pakteləri göz oxşayan dizaynına görə sanki yarışa giriblər. Siz qablaşdırması daha gözəl olan çayı seçərdinizmi? Çox güman ki, xeyr. Bəs heç vaxt adını eşitmədiyiniz məhsulunu necə? Seçərdinizmi? Onu da almayacaqsınız. Seçiminizi edərkən daha çox etimad etdiyiniz markanın məhsulunu alış-veriş səbətinə atırsınız. Bəlkə də həmin markanın reklamları heç yerdə getmir. Yəni sizin seçiminizə təsir göstərən reklamlar deyil. İstehsalçının illər boyu sizdə yaratdığı etimaddır. Həmin etimad isə birdən-birə yaranmayıb. İllər boyu ictimayyətlə əlqələr düzgün şəkildə qurulub.

Bəs ictimaiyyətlə əlaqələri düzgün şəkildə qurmaq və cəmiyyətin etimadını necə qazanmaq olar? Bunu üçün hansı PR texnikaları keçərlidir? Bu barədə isə növbəti məqaləmizdə oxuya bilərsiniz.

1 1 vote
Məqaləni qiymətləndir
guest

2 Şərhlər
oldest
newest most voted
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti