Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”

Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”

İstənilən yazıda ən vacib informasiya mətnin əvvəlində olmalıdır. Məhz bu prinsipə “əyri piramida” deyilir.

Məktəb və universitetlərdə bizə mətnlərin sadədən mürəkkəbə doğru yazılmasını öyrədirlər. Yüngül məlumatlardan başlanır, tədricən qəlizləşir. Bu, mətn yazılmasında “düz piramida” prinsipidir. Ardıcıllıq nöqteyi-nəzərindən baxıldıqda, mətnin bu cür yazılmasında heç bir qəbahət yoxdur. Elmi kitablar və dərsliklər də bu prinsipə əsasən yazılır. Lakin bu üsul kopiraytinqdə keçərli deyil. Kopiraytinqdə daha çox “əyri piramida” üsulu effektivdir.

“Əyri piramida” formatında yazılmış mətnlərdə ən vacib informasiya mətnin əvvəlində, yəni ilk cümlədə verilir. Sonra mətnin təfərrüatı və sonda “background” (arayış) deyilən hissə əlavə olunur. “Əyri piramida” prinsipi tək reklam mətnlərində deyil, həmçinin xəbərlər və press-relizlərin yazılışında da aktiv istifadə olunur. Çünki “əyri piramida” prinsipi ilə yazılan mətnlər dərhal oxucunun diqqətini cəlb edir.

Bu prinsip xüsusilə də İnternet mətnlərindən aktualdır. Rəqəmsal məkanda oxucuların qarşısında milyonlarla mətn var. Bu mətnlərin də hər birini ayrıca oxumaq imkanında deyillər. Əyri piramida sayəsində elə ilk cümlədən mətn oxucunun diqqətini cəlb edir.

“Əyri piramida” prinsipi ilə yazılmış mətnin strukturu aşağıdakı kimidir:

– Auditoriya ilə əlaqə qurmaq üçün vacib olan əsas fikir və ən vacib informasiya

– Yardımçı informasiya. Faydalı, lakin önəmli olmayan,

– Yekun və ya arayış.

Əgər oxucularınız yekun və ya arayış hissəsinə qədər mətni oxuyurlarsa, deməli uğurlu mətn yazmısınız.

“Əyri piramida” prinsipi eyni vaxtda bir neçə məsələnin həllinə yardımçı olur:

– Ani surətdə oxucunun diqqətini cəlb edir,

– Əsas fikir dərhal oxucuya çatdırılır.

– Oxucunun marağına səbəb olur,

Xəbər mətnlərində “əyri piramida”

İnternetdə xəbərin daha çox oxunması mətndəki informasiya yükü ilə yanaşı, mətnin necə yazılmasından da asılıdır. Bəzən yazılış forması və başlıq xəbərin daha çox oxunmasına və populyarlaşmasına səbəb olur.

Ənənəvi jurnalistikada, dövlət mətbuatında xəbərlər yazılarkən “əyri piramida” prinsipinə əməl edilmir. Bu da öz növbəsində dövlət mediasının oxunma və baxılma göstəricilərinə ciddi təsir göstərir. Dövlət mediası əhaliyə lazım olan bütün informasiyanı verdiyi halda, az insan məlumatı qeyd olunan mənbələrdən almağa çalışır. Bunun da obyektiv səbəbləri mövcuddur. Dövlət mediasında informasiya verilməsi daha önəmlidir, nəinki o informasiyanın daha çox adamın oxuması. Dövlət mediası biznes prinsipləri ilə çalışmadığı üçün, daha çox İP toplamaq məqsədləri olmadığı üçün əsasən çox təfərrüaatlı və ardıcıl məlumatlara önəm verilir.

Özəl media qurumları isə biznes prinsipləri ilə çalışır. Burada xəbərin daha çox oxunması önəmlidir. Çünki oxunma sayı reklam bazarındakı mövqelərin möhkəmlənməsinə xidmət edir. Bütün dünyada “əyri piramida” prinsipinə daha çox özəl media qurumları əməl edir. Biz də bu məqalədə özəl media qurumları və özəl şirətlərin baxış bucağından məsələyə yanaşacağıq.

Ölkə gündəminə uyğun olan misal göstərək: Bu günlərdə aktual olan mövzu ölkəmizdə yaranmış enerji böhranıdır. Gündəmdə olan bu mövzu ilə bağlı bütün jurnalistlər xəbər yazmağa maraqlıdır. Baş verən böhranın fonunda Azərbaycan Respublikasının prezidenti müşavirə keçirdi. Müşavirə zamanı yaranmış problemlərin səbəbi müzakirə olundu. Jurnalist “əyri piramida” prinsipinə əsasən bu tədbir haqqında xəbər yazarkən nəyə diqqət yetirməlidir?

Müşavirə haqqında xəbər yazılarkən müşavirədə səslənmiş ən ciddi fikirlər, insanların həyatlarına bir başa təsir göstərə biləcək məlumatlar ön plana çəkilməlidir. Birinci cümlədə (kopiraytinqdə bu cümlə “lid” adlanır)

Yalnış lid:

İyul ayının 4-də Prezident İlham Əliyevin sərdliyi ilə müşavirə keçirilib.

Doğru lid:

Prezident İlhamm Əliyev elektrik böhranının günahkarlarını araşdırdı.

Yuxarıda göstərilən hər iki cümlə xəbər mətninin ilk cümləsi – “lid”idir. “Lid” nə qədər maraqlı olarsa, xəbərin oxunması bir o qədər də çox olar. Lidin insanların həyatlarına birbaşa təsir göstərən məlumat ilə başlaması oxunma sayına ciddi təsir göstərir. “Lid” yazıldıqdan sonra xəbərin digər təfərrüatları qeyd olunur və son abzaslarda xəbər ilə bağlı arayış təqdim edilir.

Press-relizlərdə “əyri piramida”

Press-reliz mətnləri yazılarkən də “əyri piramida” prinsipinə əməl edilməsi önəmlidir. Press-relizlər də mahiyyət etibarilə xəbər mətnidir. Bu mətnin daha çox insana çatdırılması onu yayan qurumun maraqlarına cavab verir. Bu səbəbdən də press-reliz yazılarkən ən önəmli məlumat ilk cümləyə çıxarılmalı, daha sonra isə xəbərin təfərrüatı və arayışı təqdim olunmalıdır. Jurnalistika və yazılı mediada iş təcrübəsi olmayan PR mütəxəssisləri bir çox hallarda press-reliz yazarkən yalnışlığa yol verirlər. Uzun müddət mətbuatda çalışarkən etdiyim müşahidələr bunu deməyə əsas verir. Bəzən qurumlar press-reliz yazarkən əsas məlumatı mətnin əvvəlinə qoymaqdansa, təmsil etdikləri “dövlət qurumunun nə vaxt yarandığını”, “özəl şirkətin hansı sahədə fəaliyyət göstəridiyini” və ya “ölkəmizdə son illər həyata keçirilən islahatları” yazmağı özlərinə “borc” bilirlər. Halbuki press-reliz mətninə bu cür girişlər populyarlığı və oxunma sayını aşağı salır. Nəticə etibari ilə press-relizin mətbuatda yayılması üçün ayrılan vəsait havaya sovrulmuş olur.

İlk cümləsi maraqlı olmayan mətn oxucuya yorucu təəssüratı bağışlayır və həmin məlumatı çox hallarda oxumaqdan imtina edir. Press-reliz mətnlərində “lid”in necə olması barədə misal göstərək:

İnformasiya Texnologiyaları sahəsində xidmətlər göstərən bir özəl qurum tətbiq etdiyi yeni texnologiya barəsində press-reliz yayır

Yalnış lid:

Son illər ölkəmizdə informasiya texnologiyaları yüksək templərlə inkişaf edir

Doğru lid:

Azərbaycan vətəndaşları artıq 5G dtexnologiyalarından istifadə edə biləcəklər.

Mətnin ilk cümləsində ən əsas informasiya verilməlidir. Bu məlumat mümkün qədər qısa və sadə cümlə ilə ifadə olunmalıdır. Bəzi hallarda şirkətlər “lid”ə olduqca uzun və şifahi nitqdə ifadəsi çətin olan mürəkkəb cümlələr ilə başlayırlar. Bu da press-relizin oxucular tərəfindən az oxunmasına səbəb olur.

Misal:

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. (mənbə: milli.az)

Bu misaldan görünür ki, mətnin girişi olduqca uzundur. İnternet istifadəçisi milyonlarla mətnin içində bu mətni oxumayacaq. Çünki mahiyyəti tapmaq üçün uzun bir abzas keçməli və analiz etməlidir. Halbuki İnternet mətnlərində məlumat sadə cümlələrlə çatdırılmalıdır ki, oxucunu yormasın. Oxucu axıcı mətnləri daha çox sevir. Mürəkkəb cümlələri kitablarda oxuya bilərlər, amma İnternetdə, xüsusilə də reklam mətnlərində bu üsul keçərli deyil.

0 0 votes
Məqaləni qiymətləndir
guest

3 Şərhlər
oldest
newest most voted
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti