Kiçik biznes üçün ən uğurlu 11 marketinq strategiyası

Kiçik biznes üçün ən uğurlu 11 marketinq strategiyası

Xidmət sahəsində yeni biznesə başlamısınız, kiçik mağaza və ya kafe açmısınız. Mümkün qədər tez bir zamanda müştəri cəlb etmək, qazanc götürmək istəyirsiniz. Bazarda oturuşmuş, öz mövqelərini bərkitmiş minlərlə rəqibiniz arasında necə seçilə bilərsiniz? Həm rəqabətə dözümlü, həm də gəlir gətirən kiçik biznes üçün nə lazımdır?

Bu məqaləmizdə kiçik biznes üçün mümkün olan ən yaxşı marketinq strategiyalarını (onlayn və oflayn) nəzərdən keçirəcəyik.

1. Hədəfinizi və büdcənizi müəyyənləşdirin

İlk növbədə, biznesin hədəfləri və büdcəni müəyyənləşdirmək lazımdır. Özünüzə belə bir sual verin: “Mən nə istəyirəm?” Nəyin sizin üçün daha önəmli olduğunu seçmək lazımdır: beynəlxalq bazara girmək, ölkə bazarında öz payınızı əldə etmək, yoxsa şəhər məkanında nüfuzlu yer tutmaq?

2. Reklama pul xərcləyin

Pul xərcmələdən pul qazana bilməzsiniz. Bu ticarətin lap qədim dövrlərdən formalaşan yazılmamış qanunudur. Uğurlu biznes qurmaq üçün, ilk növbədə, pul xərcləmək lazımdır. Biznesinizin effektiv şəkildə irəliləməsi üçün axtarış sistemləri, media və sosial şəbəkələrdəki reklamlara önəm vermək lazımdır. Reklama pul xərcləməkdən qorxmayın. Nəticə olaraq reklam üçün xərclədiyiniz hər 1 manat sizin biznesiniz üçün ən azı 10 manatlıq fayda verəcək.

“Sosial şəbəkələrdəki reklamı necə təşkil etmək olar?”, “Google reklamları necə işləyir?” kimi suallarınız yaranarsa, qətiyyən narahat olmayın. Bu platformaların interfeysləri elə rahat şəkildə qurulub ki, istənilən insan tez bir zamanda burada işləməyi öyrənə bilər.

3. Google-un imkanlarından faydalanın

Google reklamları haqqında düşünməzdən əvvəl özünüzü müştəri yerinə qoyun. Düşünün ki, mobil telefonunuz xarab olub. Onu ya təmir etdirmək və ya yenisini almaq gərəkdir. Və ya yeni aldığınız avtomobildə bilmədiyiniz nasazlıq yaranıb. Sizin ilk işiniz nə olacaq? Şəhərə çıxıb usta axtarmaq? Mağazalaları bir-bir gəzərək yeni telefon modelləri ilə aramaq? Yoxsa əlinizin altında olan smartfon və ya kompüter ilə internetdə axtarış etmək?

İnsanlarımızın əksəriyyəti məhz sonunucu variantı uyğun görür. Müasir dövrdə olduqca az qism insan internetdə axtarış etmədən birbaşa ünvana gedərək lazım olan məhsul və ya xidməti tapmağa çalışır. Əksəriyyət, ilk növbədə, internet axtarışına üstünlük verir.

Google-da axtarış nəticələri
Google-da axtarış nəticələri

Məhz bu səbəbdən də biznesə başladığınız zaman, ilk növbədə, dünyada ən populyar axtarış sistemi olan Google-da qeydiyyatdan keçməyinizdə fayda vardır.

Bəs Google axtarışlarında necə edək ki, məhsulumuz və ya xidmətimiz görünümlü olsun? Bunun üçün “Google My Business” platformasında məlumatlarınız yerləşdirilməli, Google xəritəsində ünvanınız göstərilməlidir. Biznesinizə aid internet saytının olması da internet axtarışında sizi ön cərgələrə çıxarmaq üçün imkan yaradır.

Saytınız yeni açılıbsa, Google alqoritminə əsasən, məhsulunuzun axtarışın ilk cərgələrində görünməsi üçün vaxt tələb olunacaq. Lakin AdWords platforması sayəsində müəyyən məbləğ ödəməklə axtarışlar zamanı ilk növbədə sizin məhsulunuzun və ya xidmətinizin görünməsini təmin edə bilərsiniz.

Google AdWords tənzimləmələri sayəsində sizin hədəf kütləniz də effektiv şəkildə seçilə bilər. Misal üçün, sizin biznesinizin ünvanı Gəncə şəhəridir. Hədəf kütləniz də məhz bu şəhərin sakinləridir. Belə olan təqdirdə, Bakıda və ya Naxçıvanda Google axtarışı edənlər üçün sizin məhsulunuzun və ya xidmətinizin görünməsinin elə də önəmi yoxdur. Bu zaman siz AdWords tənzimləmələri sayəsində məhz Gəncə sakinlərinə sizin məhsulunuzun görünməsini təmin edə biləsiniz. Bu üsulla həm marketinq büdcənizə qənaət etmiş olacaqsınız, həm də hədəf kütlərini doğru müəyyən edə biləcəksiniz.

4. Sosial şəbəkələrdə iş

Sosial şəbəkələrlə çalışmaq sadə iş deyil. Lakin bu cür platformalar da sizin biznesinizin effektiv inkişafı üçün əvəzolunmaz vasitədir. Sosial şəbəkərlədə iş zamanı da hədəf kütlələri düzgün seçmək önəmlidir. Məhsulunuzdan, xidmətinizdən və ya hədəf kütlənizdən asılı olaraq ən aktiv sosial şəbəkəni seçə bilərsiniz. Facebook, Twitter, İnstagram, Linkedin, Odnoklassniki, Vkontakte və s. sosial şəbəkələrdən hansında sizin hədəf kütləinizin daha çox olduğunu müəyyənləşdirin və əsas gücünüzü və büdcənizi həmin şəbəkəyə yönləndirin.


Əgər siz məhsulunuzu Azərbaycan bazarında satmağa çalışırsınızsa, Facebook və İnstagram-ı mütləq aktiv şəkildə çalışdırmalısınız. Sizin hədəf kütləniz Rusiya Federasiyasında və ya Orta Asiya ölkələrindədirsə, bu zaman Odnoklassniki və Vkontakte şəbəkələrinin xidmətindən yararlanmalısınız.

Avropa bazarlarına çıxmaq niyyətiniz varsa, Facebook və İnstagram ilə yanaşı Twitter-ə də önəm verməlisiniz.

5. E-mail və SMS marketinqdən istifadə edin

Kiçik biznes üçün e-mail və SMS marketinq brendə qarşı marağın artması üçün unikal imkandır. Siz potensial müştərilərinizə məhsullarınız, xidmətləriniz, kampaniyalarınız barədə məlumat göndərə bilərsiniz.


Unutmayın, hər bir müştəri özünə qarşı diqqəti sevir. Onlara qarşı fərdi yanaşma sizin biznesiniz üçün də faydalı olacaq.

6. Bloq tərtib edin

Bloq yazırları sizin biznesinizin əhatə dairəsinin genişlənməsi üçün faydalıdır. Bloq sayəsində siz potensial müştərilərinizə həmin sahənin mütəxəssisi olduğunuzu, gərəkdiyi təqdirdə, sizinlə əlaqəyə keçməyin mümkün olduğunu göstərirsiniz. Sizin fərdi keyfiyyətləriniz biznesiniz üçün də faydalı olur. Bloqlarınızda özünüzün nə dərəcədə peşəkar olduğunuzu göstərə bilsəniz, müştərilərinizin sayı da bir o qədər çox olacaq. Çünki hər bir müştəri məhsulu və ya xidməti məhz peşəkardan almaq istəyir.

7. Açar sözlərdən istifadə edin

Axtarış sistemlərində optimallaşma (SEO) tamamilə pulsuzdur. Amma axtarış sistemlərində yaxşı görünmək üçün mütəmadi iş və səbr tələb olunur. Tez bir zamanda öndə görünmək üçün Google və Yandex kimi axtarış sistemlərinin pullu xidmətləri var. Lakin siz axtarış sistemlərində optimal ola bilsəniz, Google və ya Yandex sizin məhsulunuzu tamamilə təmənnasız olaraq arxarış edənlərə ilk olaraq göstərəcək.

Bunun üçün saytınıza mütəmadi olaraq yeni informasiyalar daxil etmək və açar sözlərdən istifadə etmək lazımdır.

Axtarış sistemlərinin iş prinsipini izah etmək üçün kiçik bir haşiyəyə çıxaq. İnformasiyanı torpaq, axtarış sistemlərini isə həmin torpağı qazan ekskavator kimi təsəvvür edin. Ekskavator hər həmləsində öz çömçəsinə aldığı torpağı təsvir edin. Torpaqda hansı materialdan daha çoxdursa, həmin materialın çomçədə görünmək ehtimalı bir o qədər çox olur. Yəni siz mütəmadi olaraq bloqunuzu və ya saytınızı yeniləsəniz, yenilənmə zamanı məhsulunuz barədə açar sözlərdən çox istifadə etsəniz, məlumatınızın axtarış sisteminin “çömçəsinə” daha çox düşəcək. Bu minvalla axtarış sistemlərində görünmək ehtimalınız daha böyük olacaq.

Mütəmadi olaraq saytın yenilənməsi SEO-da reytinq üçün də faydalıdır. Tez-tez yenilənən saytları Google mütəmadi olaraq yoxlayır və oradakı informasiya bazasına daxil edir.

Misal üçün gün ərzində 300-400 xəbər yerləşdirilən saytların reytinqi Google üçün daha böyükdür. Bu saytları Google-un robotları gün ərzində 300-400 dəfə yoxlayaraq yeni informasiyaları bazaya daxil edir. Ayda bir dəfə məlumat daxil edilən saytı isə axtarış robotları elə ayda bir dəfə yoxlayır.

Bu səbəbdən də xəbər saytlarının axtarış sistemlərində görünmə ehtimalı korporativ saytlardan daha böyük olur.

8. Bilgilərinizlə bölüşün

Siz nəyi başqalarından yaxşı edirsiniz? Bu barədə video instruksiyalar hazırlayın. Həmin videoları Youtube və digər video serverlərində paylaşın.

9. Müştərilərin iradlarını nəzərə alın

Müştərilərin sizin haqqınızda dediklərini və yazdıqlarını heç vaxt qulaq ardına vurmayın. Çünki müştərilər biznesinizdə sizin görmədiyiniz qüsurları görür. Müştərinin iradını nəzərə alıb qüsuru düzəltsəniz, biznesiniz daha effektiv inkişaf edər. Heç bir müştəriyə dırnaqarası yanaşmayın. Böyük və ya kiçik mal almasından asılı olmayaraq, ona diqqətlə yanaşın. Çünki xidmətinizdən və ya məhsulunuzdan razı qalan müştəri gəzən reklamdır. Onun vasitəsi ilə daha böyük zirvələrə çata bilərsiniz.

10. Müsabiqələrdə iştirak edin.

Bütün uğurlarınız və mükafatlarınız haqqında mütləq danışın. Onlar insanların sizə qarşı loyallığını artıracaq və yeni müştərilərin cəlb olunmasında yardımçı olacaq.

Sizin sahənizdə hansı müsabiqələrin keçirildiyini öyrənin və həmin müsabiqələrdə mütləq iştirak edin.

10. Fərqlənin

Kütlədən seçilməyi bacarın. Orjinal olun. Öz brendinizi unikal üsullarla təqdim edin. Sizin nəyə görə başqalarından seçildiyinizi hər kəsə izah edin.

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

Mass media effect on communication

Kütləvi Kommunikasiya Vasitələri (Mass media)

Müasir dünyamızı mediasız təsəvvür etmək mümkün deyil. Hər güm informasiyaya ehtiyac duyduğumuz üçün Kütləvi İnformasiya Vasitələri (KİV) ilə ötürülən kommunikasiyadan...

Xəbər lenti