Marketinq nədir? Filip Kotlerin izahı

Marketinq nədir? Filip Kotlerin izahı

Müasir şirkətlər yaxşı təyin edilmiş hədəf bazarlarında müştərilərin ehtiyaclarını ödəmək üçün eyni həvəsi bölüşür. Onlar işçilərini dəyər yaratmaq üçün uzunmüddətli və davamlı müştəri münasibəti qurmaq məqsədilə motivasiya edirlər.

Müştəri münasibətləri və dəyəri xüsusən bu günlərdə çox böyük önəm daşıyır. Əhəmiyyətli texnoloji dəyişikliklər və dərin iqtisadi, sosial və ekoloji problemlər səbəbindən bu günün müştəriləri brendlərlə necə ünsiyyət quracaqlarını yenidən gözdən keçirirlər. Yeni rəqəmsal, mobil və sosial media sahəsində baş verən tendensiyalar, istehlakçıların alış-veriş və ünsiyyət qurma istiqamətində inqilab etməsi yeni marketinq strategiyalarının və taktikalarının qurulmasına səsləyir. Bugünkü gündə real və davamlı müştəri dəyərinə əsaslanan təşviqat işləri, müştəri ilə güclü münasibət və əlaqələrin qurulması heç vaxt bu qədər önəmli olmamışdı.

Marketinq nədir?

Marketinq biznesin hər hansı digər funksiyaları ilə müqayisədə müştərilərlə daha çox təmasda olur. Bəlkə də, ən sadə tərif budur: marketinq müştərilərlə qarşılıqlı münasibətin qurulması və sərfəli müştəri münasibətlərinin idarə edilməsidir. Marketinqin iki məqsədi var. Bunlardan birincisi üstün dəyər vəd verməklə yeni müştərilər cəlb etmək, digəri isə dəyər və məmnuniyyəti təmin etməklə mövcud müştəriləri saxlamaq və artırmaqdır.

Məsələn, “Nike” şirkəti idmançıları ilhamlandırmaq vədini yerinə yetirməklə və gündəlik olaraq onları “Sadəcə, bunu et” şüarını reallaşdırmağa dəstək olmaqla bütün rəqiblərini kölgədə qoyur. “Amazon” şirkəti müştərilərə “onlayn ala bilinəcək ixtiyari bir şeyi tapmağa və kəşf etməyə” kömək edən dünya səviyyəsində satınalma təcrübəsi yaradaraq onlayn bazar məkanında hökmranlıq edir. “Facebook” “həyatımızda iştirak edən insanlarla əlaqə yaratmaq və bölüşmək” imkanını yaratdığına görə bütün dünya üzrə 1,5 milyarddan çox aktiv veb və mobil istifadəçi cəlb edə bilib. Habelə “Coca-Cola” şirkəti “gündəlik anları xüsusi edəcək sadə həzz”i təmin edən məhsulları vasitəsilə “Hissi dadın” şüarını yerinə yetirməklə qlobal qazlı içki bazarının böyük bir hissəsinə – 49 faiz bazar payına sahibdir və bu rəqəm “Pepsi”nin payından iki dəfə çoxdur.

Sağlam və möhkəm marketinq hər bir təşkilatın uğuru üçün çox vacibdir. “Google”, “Target”, “Procter&Gamble”, “Coca-Cola” və “Microsoft” kimi mənfəət üçün çalışan böyük şirkətlər marketinqdən istifadə edir. Ancaq kolleclər, xəstəxanalar, muzeylər, simfonik orkestrlər, hətta kilsələr kimi mənfəət güdməyən təşkilatlar da marketinqdən və onun alətlərindən faydalanır.

Siz artıq marketinq barədə çox şey bilirsiniz, çünki marketinq sizi əhatə edən hər bir şeyi ehtiva edir. Marketinq sizə yaxşı ənənəvi formalarda gəlir: siz onu yaxınlıqdakı alış-veriş mərkəzində və televizor ekranınızı dolduran reklamlarda, jurnallarda və ya poçt qutunuzda görə bilərsiniz. Ancaq son illərdə marketoloqlar yaradıcı veb-saytlardan və smartfon tətbiqlərindən bloq səhifələrinə, onlayn videolara və sosial mediaya qədər bir çox yeni marketinq yanaşmalarını yarada biliblər. Bu yeni yanaşmalar kütlələrə sadə çağırışlar etməkdən daha çox iş görə bilir. Onlar sizinlə birbaşa, şəxsən və interaktiv şəkildə əlaqə yaradırlar. Bugünkü marketoloqlar sizin həyatınızın bir hissəsi olmaq və öz brendləri ilə təcrübənizi zənginləşdirmək istəyirlər. Onlar öz brendlərini yaşatmaq üçün sizə kömək etmək istəyirlər.

Evdə, məktəbdə, işlədiyiniz yerdə, oynadığınız yerdə, ümumiyyətlə, etdiyiniz hər bir şeydə marketinqi görə bilərsiniz. Buna baxmayaraq, marketinq istehlakçının təsadüfi gözünə dəyən şeylərdən daha çoxunu əhatə edir. Bütün bunların arxasında sizin diqqətiniz və ödənişləriniz üçün rəqabət aparan böyük bir insan kütləsi, texnologiya və fəaliyyət şəbəkəsi durur. Bu kitab sizə marketinqin əsas konsepsiyalarına və tətbiqlərinə dair bütöv bir giriş etmək imkanı təqdim edəcək. Bu fəslə marketinq anlayışına və marketinq prosesinə izah verməklə başlayırıq.

Marketinqə tərif verilməsi

Marketinq nədir? Bir çox insanlar marketinqin satış və reklamçılıq olduğunu düşünürlər. Biz gündəlik olaraq teleiziya reklamları, jurnallar, satıcıların reklam elanları və onlayn turlar tərəfindən informasiya bombardmanına məruz qalırıq. Buna baxmayaraq, satış və reklam marketinq aysberqinin yalnız görünən hissəsidir.

Bu gün marketinq yalnız ənənəvi satış mənasında, “danışmaq və satış etmək” kimi yox, yeni mənada, yəni müştəri ehtiyaclarının təmin edilməsi mənasında başa düşülməlidir. Əgər marketoloqlar istehlakçı ilə səmərəli ünsiyyət qura, ehtiyaclarını anlaya, sərfəli qiymətə yüksək istehlakçı dəyəri yarada bilən məhsul təklif edə, onları yaxşı təqdim edə və paylaya bilirsə, o zaman bu məhsullar rahatlıqla satılacaq. Həqiqətən də, idarəetmə qurusu (guru) Peter Drakerə görə, “marketinqin məqsədi satışı əhəmiyyətsiz etməkdir”. Satış və reklam marketinq kompleksinin yalnız bir hissəsidir. Marketinq kompleksi müştərilərlə qarşılıqlı münasibət yaratmaq, onların ehtiyaclarına cavab vermək və müştəri əlaqələri qurmaq üçün birgə istifadə edilən marketinq alətləri dəstidir.

Geniş mənada marketinq fərdlərin və təşkilatların öz ehtiyac və istəklərini təmin etdikləri və yaradılan dəyərin qarşılıqlı şəkildə mübadilə edildiyi sosial və idarəetmə prosesidir. Daha dar biznes mənasında marketinq müştərilərlə sərfəli və dəyər əsaslı münasibət qurmağı əhatə edir. Beləliklə, biz marketinq anlayışını müştərilərlə qarşılıqlı münasibətin qurulması, güclü müştəri əlaqələrinin qurulması və qarşılığında dəyər qazanmaq məqsədilə müştəri dəyərinin yaradılması prosesi kimi tərif edə bilərik.

Marketinq prosesi

Müştəri dəyərinin yaradılması və qazanılmasını əks etdirən marketinq prosesinin sadə və beşpilləli modelini təsvir edir. İlk dörd pillədə şirkətlər müştəriləri anlamağa çalışır, müştəri dəyəri yaradır və güclü müştəri münasibəti qurur. Sonuncu pillədə şirkətlər üstün müştəri dəyəri yaradılmasının bəhrəsini görür. İstehlakçılar üçün dəyər yaratmaqla onlar nəticə etibarilə bunun qarşılığında istehlakçılardan satış, qazanc və uzunmüddətli müştəri kapitalı (istehlakçının ömrü boyunca şirkətə verdiyi maddi fayda – tərc.) formasında dəyər qazanırlar.

Mənbə: Marketinqin əsasları (Filip Kotler, Hari Armstronq) 

Leave a Reply

Xəbərlərə abunə olmaq üçün forma