Azərbaycan dilində durğu işarələri

Azərbaycan dilində durğu işarələri

Durğu işarələri dilin qrafik sistemində mühüm yer tutur. Bu işarələr yazılı nitqın düzgün formalaşmasına və anlaşılmasına kömək edir. Bu işarələri doğru istifadə etmək yazanın savad ölçüsünü göstərməklə yanaşı, ifadə edilən fikrin də doğru anlaşılmasına yardım edir.

Durğu işarələrının işlədilməsində üç prinsip asas götürülür: məna, sintaktik quruluş və intonasiya. Fikrin çatdırılmasına birbaşa xidmət edən cümlənın quruluşu da, intonasiyası da müəyyən məqsədlə, mənanın ifadəsi ilə bağlıdır. Buna görə də durğu işarələrinin işlənməsində yuxarıda göstərdiyimız üç prinsipdən ən mühüm sayılanı mənadır. Mənaya üstünlük verilsə də, bu üç prinsipə birlikdə əməl edilməlidir. Durğu işarəsinə düzgün əməl edilmədikdə məna dəyişə bilər, cümlənin təhlili düzgün aparılmaz, cümlənın quruluşu, məqsəd və intonasiyaya görə növü dəyişə bilər. Müəllif öz fikrini düzgün çatdıra bilməz. Aşağıdakı misallara baxaq.

1. Hakim, Ramini çağırdı.

2. Hakim Ramini çağırdı.  

Birinci cümlədə “hakim” təyin, ikinci cümlədə intonasiyadan asılı olaraq “hakim” sözü həm mübtəda, həm də xitab kimi götürülə bilər.

Və yaxud:

1. Tuncay o işi yaxşı bilmir.

2. Tuncay, o işi yaxşı bilmir (yəni III şəxs).

3. Tuncay, o, işi yaxşı bilmir.

Birinci cümlədə Tuncay mübtəda, o təyin; ikinci cümlədə Tuncay – xitab, o-təyin, üçüncü cümlədə Tuncay-xitab, o isə mübtədadır. Durğu işarəsi məqsəd və intonasiyaya görə cümlənin növünü dəyişir.

Misallar baxaq:

1. Bu, mənimdir,

2. Bu, mənimdir?

3. Bu, mənimdir!

Göstərdiyimiz cümlələrdə şifahi nitqdəki intonasiya yazılı nitqdə öz əksini durğu işarələri vasitəsilə tapmışdır.

Yazılı nitqdə aşağıdakı durğu işarələrindən istifadə edilir: nöqtə, sual, nida, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə (üç nöqtə), vergül, tire, mötərizə, dırnaq.

İşlənmə yerinə, qaydasına, daşıdıqları vəzifələrinə görə sadalanan durğu işarələrinin bir-birilə oxşar və fərqli cəhətləri vardır.

Nöqtə, nöqtəli vergül, çox nöqtə, qoşa nöqtə, sual, nida işarələri tək işlənir. Əsas vəzifələri isə sadə cümlənin, mürəkkəb cümlənin sərhədini təyin etmək, bir-birindən ayırmaqdır.

Durğu işarələri iki funksiya yerinə yetirir:

1) ayırıcı: nöqtə, sual, nida, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə.

2) fərqləndirici: iki vergül, iki tire, mötərizələr və dırnaqlar.

Mötərizə və dırnaqlar, bir qayda olaraq qoşa işlənir.

İstisna: saylardan sonra yarımmötərizə qoyula bilər: 1) Ölkənin inkişafı çox yüksəkdir.

Mötərizə müəyyən söz, ifadə və cümlələrdən əvvəl açılır, sonra isə bağlanır. Əlavə cümlələr, sitatın götürüldüyü mənbə, müəllifin adı mötərizəyə alınır. Bundan başqa, cümlə içərisində müəyyən şəxsin anadan olduğu və vəfat etdiyi tarix, dram əsərlərində obrazların davranışı və nitqi ilə bağlı izahlar mötərizəyə alınır.

Dırnaq da mötərizə kimi qoşa işlənən durğu işarəsidir. Bu işarədən vasitəsiz nitqi müəllif təhkiyəsindən ayırmaq, bədii və elmi əsərlərdən gətirilən sitatları nəzərə çatdırmaq üçün istifadə edilir. Bundan başqa, əsər adları, kinayə ilə deyilən söz, ifadə və cümlələr də dırnaqla yazılır.

Nöqtəli vergül: Nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda (Əmir onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada göndərməyə hazırlaşdığı halda, Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi), tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda (Sən o şairi çox da həqir hesab etmə, o, gəncdir, fəqət bizim kimi gənclərdən deyil. M. S. Ordubadi. ), yəni və məsələn bağlayıcılarından sonra sadalanan sözlər olduqda (Mən bir çox dilləri, məsələn; rus, ingilis, fransız dillərini yaxşı bilirəm) istifadə edilir.

Qoşa nöqtə: Aydınlaşdırma məqsədi ilə işlədilir, başlıca olaraq, həmcins üzvlərdə ümumiləşdirici sözdən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkibdən, vasitəsiz müəllif sözlərindən sonra qoyulur. Hamı: böyük, kiçik, uşaq, qadın, qoca, cavan bir ağızdan azadlıq istəyirdi. Onun işi asan idi: telefonlara baxırdı. Atam dedi: sabah get!.

Çox nöqtə: Adətən, üç nöqtə şəklində olan çox nöqtə cümlənin əvvəlində qoyulduqda fikrin əvvəli olduğunu bildirdiyi halda, cümlənin ortasında və sonunda qoyulduqda fikrin bitmədiyini bildirir: Kim bilir onu nələr gözləyir…

Tire: Başlıca olaraq, sadə cümlədə həmcins üzvlərə aid ümumiləşdirici sözlərdən, alavələrdən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkib hissədən əvvəl qoyulur və əlavə cümlə və sözlərin hər iki tərəfindən, vasitəsiz nitq dialoq şəklində qurulduqda vasitəsiz nitqdən əvvəl və sonra, xüsusiləşən əlavələrdən əvvəl işlədilir.

  • Ev, həyət, küçə – hər tərəf güllə bəzədilmişdir.
  • Sən – arxada oturan, ayağa dur.
  • Pətəkdə arı qalmadı – yananı yandı, yanmayanı da çərdək kimi çölə süzdü.
  • 1999-cu ildə o vaxt mənim onyaşım var idi – qardaşımın toyu olmuşdu.
  • Dedi: – A bala, hara gedirsən gecə vaxtı?

Nöqtə nəqli, bəzən də əmr cümlələrinin sonunda, ixtisarlarda istifadə edilən durğu işarəsidir. Nöqtədən sonra gələn söz, adətən böyük hərflə yazılır. İstisna hallarda və s.. k-b. kimi ixtisarlardan sonra söz balaca hərflə başlana bilər.

Nida: Nida cümlələrinin, nida və xitabların sonunda qoyulan durğu işarəsidir.

  • Eh, mən yaşamalıyam!
  • Ah! Görəsən, mənim taleyim necə olacaq?
  • Rasim! Dərsini oxudunmu, oğlum?

Cümlələrdə vergül qoyulması qaydaları

Vergül: İşlənmə yerinin zənginliyinə, dinamikliyinə və çoxplanlılığına görə seçilən durğu işarələrindən biri də vergüldür. Vergül aşağıdakı hallarda işlənir:

1) Sadalama intonasiyası ilə bağlanan həmcins üzvlər arasında. Bu həmcins sırada bağlayıcı işlənmir, üzvlər bir-birindən şifahi nitqdə fasilə, yazıda isə vergüllə ayrılır.

Məs: İsmayıllı yurdu saf havası, zəngin meşələri, dumduru çeşmələri ilə məşhurdur.

2) Tabesiz mürəkkəb cümlənin tərəflərinin bağlanmasında da sadalama intonasiyasından istifadə edilir. Bu zaman tərəflər bir-birindən vergüllə ayrılır.

Məs: Vıyıltı ilə havaya qalxan fişənglər guppultu ilə yerə düşür, kəndi ahəngdar bir uğultu bürüyürdü.

3) Bağlayıcı vasitəsilə bağlanan həmcins üzv, tabesiz və tabeli mürəkkəb cümlələrdə də bağlayıcılar işlənir. Bu zaman vergülün işlədilməsində müxtəlif hallar olur:

a) Va, ilə, və ya, və yaxud bağlayıcıları vasitəsilə bağlanan sırada vergül işlədilmir. Yəni bu bağlayıcılardan nə əvvəl, nə də sonra vergül qoyulur.

Məs: Hamı işıqlı və böyük otağa toplaşdı. Fuad ilə Zakir qış tətilində kəndə getdilər. Siz ikiniz və yaxud Fərid tək özü getsin.

b) Bağlayıcıların bir qismində vergül bağlayıcıdan əvvəl qoyulur. Amma, ancaq, lakin, gah, gah da, na, nə də, həm, həm də, hətta, çünki və s.

Məs: O, sönük, lakin cəsarət və iradə ifadə edən nəzərlərlə bizə baxırdı. İndi həm Mina onu görüb tanıyacaq, həm də doktor onun bacarıqlı mühəndis olduğunu biləcəkdi. Bura gəlməyi özümə borc bildim, çünki Rüstəm kişi ilə dostam.

c) Da, də (əgər təkrar olunarsa), ki, hərçənd, hərçənd ki, bağlayıcılarından sonra vergül qoyulur.

Məs: İşdə də, evdə də, yuxuda da onu ağır vahimə izləməkdə idi. O, Əşrəfin çarpayısından kitabı tapdıqdan sonra şübhə etmirdi ki, uşaqlarda buna bənzər başqa kitablar da var. Hərçənd, tüstü göz açmağa imkan vermirdi, amma kabab çox dadlı idi.

4) Ədatlardan sonra qrammatik prinsipə görə vergül qoyulmur. Lakin “bəli”, “xeyir”, “ha”, “yox” adatlarından sonra intonasiyanın tələbi ilə vergül qoyulur. Məs: Bəli də, ayağı çarıqlı kiçik bir ölkə. Böyük Firdovsilər yaratdı, bəlkə! (S.Vurğun)

Xeyr, mən onun hara getdiyini soruşmuram. Hə, mən də getmək istəyirəm.

5) Nidalardan sonra durğu işarələrinin qoyulması sırf intonasiya və məna ilə bağlıdır. Cümlənin əvvəlində işlənən nidalarda intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi qoyula bilər. Əgər cümlədə nida hiss-həyəcanı daha qüvvətli ifadə edərsə, bu zaman intonasiya da daha həyəcanlı olur. Cümlənin əvvəlində işlənən belə nidalardan sonra nida işarəsi qoyulur.

Məs:

  • Aha! Yaxşı yerdə əlimə düşdün, Vay-vay! Deyəsən, bəşər deyil bu!
  • Pah-pah! Bu da söz danışdı. (M.Ə.Sabir)

a) adi intonasiya ilə deyilən cümlənin əvvəlində işlənən belə nidalardan sonra vergül işarəsi qoyulur.

Məs:

  • Ah, nələr duyuram onun səsində, Bu ellər qızının xoş nəfəsində. (S.Vurğun)
  • Pah-pah, nə dadlı meyvədir!
  • Əfsus, qocaldım ağacım düşdü əlimdən. (M.Ə.Sabir)

b) Cümlənin ortasında işlənən nidalardan əvvəl də, sonra da vergül qoyulmalıdır.

Məs: Qorxdum, ay aman, yarıldı bağrım. (M.Ə.Sabir)

c) Cümlənin sonunda işlənən nidalardan əvvəl vergül, sonra isə cümləyə uyğun durğu işarəsi qoyulur.

Məs: Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir)

ç) Çağırış bildirən nidalardan (ay, ey, a və s.) sonra vergül qoyulmamalıdır. Bəzi hallarda çağırış nidası təklikdə, isimsiz işlənir. Bu zaman hər hansı bir şəxsə müraciət edilir. Belə hallarda nidalardan sonra vergül qoyulur. Məs: Ey, səninləyəm. Ehey, bura gəl.

6) Ara sözlər cümlənin əvvəlində işləndikdə özündən sonra, ortada işləndikdə hər iki tərəfində, axırda işləndikdə isə özündən əvvəl vergül işarəsi qoyulur.

Məs:

  • Əlbəttə, onun sözündə həqiqət var.
  • Sən, şübhəsiz, bu il imtahanları əla verəcəksən.
  • Mən sizi gözləyə bilməyəcəyəm, təəssüf.

7) Xüsusiləşmiş tamamlıq və zərfliklərdə başqa, qeyri, savayı, əvəzinə, kimi, halda, baxmayaraq sözlərindən sonra vergül qoyulmalıdır.

Məs:

  • Pəncərənin açıq olmasına baxmayaraq, otağın havası ağır idi.
  • Rəna açarı qonşuya qoymaq əvəzinə, özü ilə aparmışdı.
  • Sifətdən gözəl olduğu kimi, xasiyyətdən də gözəl idi.
  • Birinci gündən başqa, hər gün işdə oluram.

Bu sözlər xüsusiləşmiş üzvlərin yaranmasında iştirak etmirsə, onda vergül qoyulmamalıdır.

Məs.

  • Onlar hərəkətsiz halda dayanmışdılar.
  • Mən sənin kimi hərəkət edəcəyəm.
  • O yaxın dostu Rahimin əvəzinə növbədə dayanmışdı.

Göründüyü kimi, bu cümlələrdə intonasiya fasilə tələb etmir.

8) Feli sifət qoşma ilə işlənərək zaman bildirdikdə özündən sonra fasilə tələb edir. Əsas felə aid olan qoşmalı feli sifət zaman zərfliyi vəzifəsində çıxış etdikdə ondan sonra vergül qoyulmaz.

Məs: Axşam olan kimi hamı bir yerə yığışır.

9) Feli bağlamalar əsas felə aid olub, onun icra tərzini, zamanını, səbəbini, şərtini bildirərək xəbərin yanında işlənirsə, özündən sonra vergül tələb etmir. Vergül qoyulmalı olan vəziyyətləri nəzərdən keçirək: -anca şəkilçili feli bağlamalar qarşılaşdırma və müqayisə bildirdikdə onlardan sonra vergül qoyulmalıdır.

Məs:

  • Sən gəlincə, özüm gələrəm.
  • Sənin sözün yerə düşüncə, düşmənin beli sınsın.

-ıb, -araq şəkilçili feli bağlamalar cümlənin üslubca həmcins xəbəri olduqda onlardan sonra vergül qoyulmalıdır.

Məs:

  • Yuxudan erkən durmuş qız pəncərəni açıb, həyətdəki əlvan güllərə baxdı.
  • O, on beş gündən sonra Zeynəblə Bakıya qayıdaraq, bu otaqda yaşamağa başladı.

10) Xüsusən, ələlxüsus, hətta, habelə, o cümlədən, özü də, illah da sözləri söz və söz birləşmələrinin əvvəlində işlənir, onların xüsusiləşməsinə şərait yaradır. Bu zaman qeyd etdiyimiz sözlərdən əvvəl vergül qoyulur.

Məs:

  • Qara dəniz sahillərinin havası həmişə, xüsusən yay aylarında gözəl olur.
  • Yarışda fərqlənənlərə, o cümlədən Fərmana mükafat verildi.
  • Fəhlələrin hamısı, hətta Mehman da oradan uzaqlaşdı.

11) Qeyri-həmcins təyin və zərfliklərin arasında şifahi nitqdə fasilə olmadığı üçün yazılı nitqdə də vergül qoyulmur. Bu vəziyyətləri nəzərdən keçirək:

a) Qeyri-həmcins zərfliklərdə. Bu zərfliklərdən bir qayda olaraq əvvəlincisi sonrakını izah edir.

Məs:

O, evə dünən gecə saat birdə gəlmişdi. Onlar dağın döşündə kiçik çadırda qalırdılar.

b) Qeyri-həmcins təyinlərdə. Bu təyinlər əşyanı müxtəlif cəhətdən izah edir. Onlar çox vaxt başqa-başqa nitq hissələri ilə ifadə olunur və düzümü sabit olur. Belə təyinlər həmcins hesab olunmur, onların arasında vergül qoyulmur.

Məs:

Evdəki ipək pərdə külək vurduqca yellənir. Zəmilərdən qalxan nəmli torpaq qoxusu havaya təzəlik gətirirdi.

12) Mübtədalardan sonra qrammatik qaydaya uyğun olaraq vergül qoyulmamalıdır. Lakin məna və intonasiyaya uyğun olaraq bəzi hallarda vergül qoyulması zəruri olur. Əks halda fikir səhv anlaşıla bilər:

a) Mübtəda özündən sonra işlənən üzvün təyini kimi başa düşülməsin deyə, şifahi nitqdə fasilə ilə deyilir, yazılı nitqdə isə ondan sonra vergül işarəsindən istifadə olunur. Məs: Qoca, Nizamidən ayrıldı. Göyçək, qızının dərdindən baş açmırdı. Şair, Afaqı incitmək istəmirdi.

b) Xüsusi isimlə ifadə olunmuş mübtədadan sonra başqasının soyadını, təxəllüsünü bildirən isim gəldikdə mübtədadan sonra mütləq vergül qoyulmalıdır.

Məs: Nazilə, Həsənovanın yanına gələn qonaqları mehribanlıqla qarşıladı.

Səid, Şirvanini yaxşı tanımırdı.

e) O, bu əvəzlikləri ilə ifadə olunan mübtədadan sonra fel və köməkçi nitq hissələri istisna olunmaqla, əsas nitq hissələri, eləcə də isimləşmiş feli sifət, məsdər işləndikdə vergül qoyulmalıdır.

Məs:

O, həkimi görərkən ayağa durdu. Bu, mənim gənclik dostumdur O, gördüyünə inanmırdı. O, oxumaq üçün bütün var-dövlətini verməyə hazır idi.

O, bu əvəzliklərindən sonra ədat, bağlayıcı, felin təsriflənən formaları və feli bağlama işlənərsə, vergül qoyulmur.

Qeyd: feli bağlama və feli sifət tərkibinin daxilində işlənərək şəxs anlayışı bildirən və bu əvəzlikləri təyinedən kimi başa düşülərsə, onun şəxs anlayışı ifadə etdiyini bildirmək üçün vergül işlədilməlidir. O (hansı?) evə gələndə özümü pis hiss edirəm. O, (kim?) evə gələndə özümü pis hiss edirəm.

ç) I və Il şəxs əvəzlikləri ilə ifadə olunmuş mübtədaya aid əlavənin (cümlənin xəbəri bu əlavələrlə şəxsə görə uzlaşmır) hər iki tərəfində vergül qoyulmalıdır. Məs: Biz, gənc nəslin nümayəndələri, bayramqabağı tədbirdə ürəklə çıxış etməliyik. Siz, yeddinci sinfin şagirdləri, yarışda qalib gəlməlisiniz.

Vergülün çox işləndiyi məqamlardan biri də xitablarla bağlıdır. Adi intonasiya ilə deyilən xitablar cümlənin əvvəlində işləndikdə özündən sonra, ortada işləndikdə hər iki tərəfində, sonunda işləndikdə özündən əvvəl vergül işarəsi qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, çağırış, müraciət bildirən xitabların bir qismi yüksək intonasiya ilə deyilir və emosionallığı ifadə edir. Bu zaman cümlənin əvvəlində işlənən xitabdan sonra nida işarəsi qoyulur.

Yadda saxla!!!

Durğu işarələrinin istifadə qaydalarına punktuasiya deyilir.

Defis və apostrof durğu işarəsi deyil. Defis mürəkkəb sözlərin arasında və şəkilçilərdən əvvəl işlənən bir işarədir. Apostrof isə ərəb dilindən və Avropa dillərindən gələn sözlərdə saiti əvəz edən bir işarədir.

Nöqtə, nida, sual işarəsi, cümlənin sonunda gələn üç nöqtə kimi durğu işarələrindən sonra gələn söz böyük hərflə yazılmalıdır.

Mötərizə, nöqtə və tire qoşa işlənə bilər.

Dırnaq həmişə qoşa işlənir.

A Vasitəsiz nitqdə və əlavə cümlələrdə dırnaqlar və mötərizələri tirelərlə əvəz etmək olar.

A Mübtəda və tamamlıq budaq cümləsindən sonra bəzən qoşa nöqtə qoymaq olar: Onun xasiyyəti idi: hər gələnə bir söz desin. Ana düşündü: bunu kim etmiş olar?

Durğu işarələrinin yazıda səhv işlədilməsi və ya qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir