Brendinq: yeni məhsulun yaradılması, inkişafı və tənəzzülü

Brendinq: yeni məhsulun yaradılması, inkişafı və tənəzzülü

“SAMSUNG”UN HƏYAT HEKAYƏSİNDƏ OLDUĞU KİMİ, inkişaf etməkdə olan və yeni məhsullar istehsal edən şirkətlər bunun mükafatını da mütləq əldə edirlər. Hər məhsul müəyyən bir həyat yolundan keçir: yaradılır, müəyyən mərhələlərdən keçir, sonda müştərilər üçün yeni və ya daha yaxşı dəyərlər gətirən məhsulların yaradılması ilə sıradan çıxır.

Məhsulun bu həyat yolu iki əsas problemlə də müşayiət olunur. Birincisi, hər bir məhsul sonda sıradan çıxdığından şirkət köhnəlmiş məhsulları əvəz etmək üçün yeni məhsullar yaratmağı yaxşı bacarmalıdır (yeni məhsulun yaradılması problemi). İkincisi, şirkət məhsulun müəyyən mərhələlərdən keçdiyi müddət ərzində zövqlərin, texnologiya və rəqabətin dəyişikliyə məruz qaldığını nəzərə alaraq, özünün marketinq strategiyasını bunlara uyğunlaşdırmağı da yaxşı bacarmalıdır (məhsulun həyat yolu strategiyası problemi). Biz əvvəlcə yeni məhsullar tapıb yaratmaq, daha sonra isə onların uğurlu həyat yolunu təmin etmək probleminə nəzər yetiririk.

Yeni məhsulun yaradılması strategiyası

Şirkət yeni məhsulları iki yolla əldə edə bilər. Birinci yol hər hansı bir şirkətə bütününü, patentini və ya başqasının məhsulunu istehsal etmək hüququ verən lisenziyanın əldə edilməsi (acquisition) yolu ilə.Başqa yol isə şirkətin özünün yeni məhsulun yaradılması (new product development) səyləri ilə həyata keçirilir. Yeni məhsullar dedikdə biz şirkətin özünün məhsul yaradılması səyləri nəticəsində orijinal, təkmilləşdirilmiş məhsulların, məhsul modifikasiyalarının və yeni brendlərin hazırlanmasını nəzərdə tuturuq.

Yeni məhsullar həm müştərilər, həm də onlara xidmət göstərən marketoloqlar üçün vacibdir: onlar müştərilərin həyatına yeni həllər və müxtəliflik gətirir, şirkətlər üçün isə əsas böyümə (artım) mənbəyi hesab edilir. Sürətlə dəyişən hazırkı mühitdə bir çox şirkətlər böyümə strategiyasının əsas hissəsi kimi yeni məhsulların yaradılmasına arxalanır.

Məsələn, “Apple” şirkətinin yeni məhsulları son illərdə demək olar ki, şirkətin simasını tamamilə dəyişdi. Son 10 il ərzində bazara çıxmış “iPhone” və “iPad” məhsulları hazırda şirkətin ən çox satılan məhsullarından ikisidir. Yalnız “iPhone” məhsulu “Apple”ın ümumi gəlirinin 62 faizindən çoxunu və cihaz satışının 77 faizini təşkil edir.

İnnovasiya çox bahalı və çox riskli ola bilər və hər şirkətin gücü daxilində deyil. Bu cür yeni məhsulların reallaşdırılması çox vaxt çətinliklərlə müşayiət olunur. Məsələn, bir qiymətləndirməyə görə, tanınmış şirkətlər tərəfindən təqdim olunan bütün yeni qablaşdırılan istehlak məhsullarının 60 faizi uğursuz olur; yeni məhsul ideyalarının üçdə ikisi heç vaxt həyata keçmir. Bu qədər yeni məhsul niyə uğursuz olur? Bunun bir neçə səbəbi var. Mövcud məhsulun dizaynı arzuedilən səviyyədə olmaya bilər. Yaxud da, ola bilsin, məhsulu bazarda yerləşdirərkən səhvə yol verilib, zamanlama düzgün seçilməyib, qiymət çox yüksək qoyulub və ya reklamı pis aparılıb. 

Bəzən məhsulun yaradılma xərcləri gözləniləndən daha yüksək çıxır, bəzən rəqiblər gözləniləndən daha çox müqavimət göstərir.

Beləliklə, şirkətlər belə bir problemlə üzləşir: onlar yeni məhsullar yaratmalıdır, ancaq bunun uğurlu olmaq ehtimalı çox aşağıdır. Şirkət uğurlu yeni məhsullar yaratmaq üçün müştərilərini, bazarları və rəqiblərini başa düşməli və müştərilərə üstün dəyər çatdıran məhsullar hazırlamalıdır.

Məqalənin ardı bu linkdə

1 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir