Yüksək imici necə qazanmalı?

Yüksək imici necə qazanmalı?

İctimai imic və reputasiya nə ictimaiyyətdə, nə özəl sektorda, nə də ki, siyasətdə yeni bir anlayış deyil. Yüksək imic hər sahədə fəaliyyət göstərən qurum və insanlar üçün önəmli məsələdir. İnsanlar öz təsəvvürlərində müsbət imic yaratmış məhsulları alırlar. Müsbət imicə sahib olan siyasətçilərə səs verirlər. Yüksək reputasiyaya sahib olan şirkətlərdə və ya dövlət qurumlarında çalışmağa can atırlar.

Olduqca nadir sayda insan səsvermədə iştirak etməzdən əvvəl siyasətçinin seçki proqramını oxuyur. İnsanlar adətən tanıdıqları və güvəndikləri siyasətçilərə səs verirlər. Onlar həmçinin tanıdıqları və güvəndikləri şirkətlərin məhsullarını alırlar. Şirkətlər də həmçinin tanıdıqları və güvəndikləri şirkətlərlə işbirliyi qururlar.

İstər dövlət müəssisəsi olsun, istərsə də özəl müəssisə, istərsə də siyasətçi və ictimai xadim: hər birinin müsbət imicə ehtiyacı var. Müsbət imic dövlət qurumlarına cəmiyyətin inamını təmin etdiyi kimi, özəl şirkətlərə də bir sıra üstünlüklər qazandırır. Şirkət haqqında ictimai rəy müsbətdirsə, deməli yaxşı imicə sahibdir. İmic anlayışı tək cəmiyyətlə məhdudlaşmır. Şirkət xaricində də, şirkət daxilində də müsbət imicə sahib olmaq şirkətin ən böyük qazancıdır.

Bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi İctimaiyyətlə Əlaqələr (PR) ilə imic yaratmaq sənətidir. Sözsüz ki, hər bir təklilat, hətta ayrı-ayrı fərdlər üçün yüksək imic olduqca faydalıdır. Əgər sizin yüksək imiciniz varsa, sizinlə əməkdaşlıq etməyə çalışırlar, sizə güzəştə gedirlər və istehsal etdiyiniz məhsulu arxayınlıqla alırlar. Belə bir imici yaratmaq üçün hədəf kütlə ilə təşkilat arasında qarşılıqlı anlayışı təmin etmək, qarşılıqlı etimad, sayğı və sosial məsuliyyət hissini formalaşdırmaq gərəkdir. Bu isə öz növbəsində araşdırmalar aparmaq, məlumat toplamaq və cəmiyyətlə ünsiyyətin mövcud olan alətlərindən istifadə etmək lazımdır. Əgər bir biznes qurumu öz hədəf kütləsini özü ilə eyni tərzdə düşünməsini təmin edə bilirsə, deməli, yekun etibarilə həmin qurumun qazancları da artmış olacaq.

Nəyə görə müsbət imic?

Fəaliyyət göstərən istənilən qurum istər-istəməz cəmiyyətdə özü haqqında rəy formalaşdırır. Bu rəyin müsbət olması üçün bir sıra vasitələrdən mütləq istifadə olunmalıdır. Keyfiyyətli məhsul və ya xidmət imici formalaşdıran əsas amillərdən ola bilər. Amma müasir dövrümüzdə imic qazanmaq üçün məhsulunun və ya xidmətin keyfiyyətli olması kifayət etmir. Keyfiyyət nə qədər yüksək olsa da belə, hər zaman qurumu ictimaiyyətin gözündən salmağa çalışan açıq və gizli rəqiblər mövcuddur. Rəqiblərin hücumlarını dəf edə bilmək və daim məhsulun və ya xidmətin etibarlılığını qorumaq üçün müsbət imic formalaşdırmaq zəruridir.

Haşiyə
Qazlı içkilər istehsalçısı olan “Coca-cola” daim yüksək keyfiyyətli məhsullar istehsal etməyə çalışır. Fəaliyyətində daim ən yeni texnologiyaları tətbiq edir. Ən yüksək gigiyenik və sanitar tələblərə cavab verən şəraitdə məhsul istehsal edir və eyni standartlarla da bazara çıxarır. Buna baxmayaraq dünyada ən çox qara PR hücumuna məruz qalan bəlkə də yeganə şirkət bəlkə də “Coca-cola”dır. Bu şirkət məhsullarının keyfiyyətli olması ilə yanaşı, müsbət imicə sahib olmaq müştəri loyallığını təmin etmək üçün daim PR tədbirləri həyata keçirir.

İmicin idarə olunması aşağıdakı nəticələrəyol açır:

  • Şirkətin adının və məhsullarının cəmiyyətdə daha çox tanınması;
  • Şirkətin ictimai rəydə müsbət mövqeyə sahib olması;
  • Şirkətə qarşı inam formalaşması;
  • Hədəf kütlənin maraq və simpatiyasının qazanılması;
  • Əməkdaşların motivasiyasının yüksəlməsi;
  • Mediada obyektiv və müsbət xəbərlər yayılması;
  • Böhranlı vəziyyətdə mediadan, o cümlədən hədəf kütlədən obyektiv dəstək və anlayışlı yanaşma görülməsi;
  • Şirkətin adına bağlı olan hər bir məhsula cəmiyyət arasında güvən olması;
  • Yeni məhsulun hədəf kütləsi tərəfindən qəbul olunmasının asanlaşması;
  • Əməkdaşların şirkətə qarşı loyallığı artması;
  • Satışlara yardımçı olması.

İmic eyni zamanda insanların qurum, məhsul və ya xidmət haqqında fikirləri, hissləri, baxışları və inanclarının məcmusudur. İnsanları müəyyən davranışlara yönəldən imic əslində uzun sürən işlərin nəticəsidir. Buraya reklam və tanıtım fəaliyyətləri, imicə hesablanmış tədbirlər, mətbuatla iş, müştəri ilə birbaşa iş və digər proseslər daxildir. Qısacası imic formalaşdırılması bəsit bir proses deyil. İmicin formalaşdırılması üçün aşağıda göstərilən mərhələlərdən keçmək lazımdır:

Araşdırma

Araşdırma və informasiya toplama PR işinin bünövrəsini təşkil edir. Araşdırma aparmadan, mövcud vəziyyət öyrənilmədən həyata keçirilən PR siyasəti dağınıq olar və heç bir fayda verməz.

Araşdırmaya mövcud imicin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, hədəf kütlənin xüsusiyyətləri, meylləri və fikirlərinin öyrənilməsi kimi məsələlər daxildir.

Araşdırma mərhələsində hazırkı imicin dəqiq təsviri hazırlanır. İmicə təsir göstərən daxili və xarici faktorlar öyrənilir. Bunları etdikdən sonra İmic yaratmaq işini görmək üçün imkanlar yaranır və hədəf kütləni maraqlandıran suallar ortaya çıxır.

Bu mərhələdə SWOT analiz (İngilis dilində “Strengths”, “Weaknesses”, “Opportunities” və “Threats” sözlərinin baş hərfindən ibarət abreviatura) həyata keçirilir.

Məqsədlərin müəyyənləşməsi

Bu mərhələdə qarşıda duran məqsədlər müəyyənləşir. Arzu olunan imic müəyyənləşir. Hazırkı və arzu olunan imic arasındakı boşluqlar təyin edilir. “Hədəf kütləsinin (qurum və ya şəxs haqqında) nə cür düşünməsini istəyirik?” sualının cavabı təyin edilir. Bu sualın cavabı aydın olmalıdır. Sualın cavabı dəqiqləşdikdən sonra lazım olan imici formalaşdırmaq üçün fəaliyyət istiqamətləri və ya yol xəritəsi çəkilir.

Planlaşdırma

Bu mərhələdə istifadə ediləcək PR alətləri, kommunikasiya kanalları, böhran situasiyalarında davranış, büdcə və hədəf kütləyə ötürüləcək mesajlar kimi əhəmiyyətli məsələlər öz yerini tapır.

İmicin idarə olunması işləri sayəsində qurum və ya şəxs hədəf kütlə arasında yüksək prestijə sahib olurlar. Şirkətin qazandığı prestij və etimad sayəsində məhsul və xidmətlərinə olan tələbat artır. Bu tələbat müvəqqəti deyil, qalıcı olur.

1 Comment

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir