Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf etdirilməsi üçün sistematik, müştəriyönümlü yeni məhsulun yaradılması prosesini təşkil etməlidir. Aşağıdakı Şəkil bu prosesin səkkiz əsas addımını göstərir.
İdeyanın yaradılması
Yeni məhsulun hazırlanması ideyanın yaradılması (idea generation) ilə, yəni yeni məhsul ideyalarının sistematik axtarışı ilə başlayır. Adətən, şirkət bir neçə yaxşı ideyanı tapmaq üçün yüzlərlə, hətta minlərlə ideya yaradır. Yeni məhsulla bağlı ideyaların əsas mənbəyi daxili və xarici mənbələri, məsələn, müştəriləri, rəqibləri, distribüterləri, təchizatçıları və digərlərini əhatə edir.
İdeyanın daxili mənbələri
Şirkət daxili mənbələrdən istifadə etməklə yeni ideyaları formal tədqiqat və inkişaf vasitəsilə aşkar edə bilər. Məsələn, “Ford”un “Silikon vadisi”ndə innovativ mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə sürücüsüz avtomobillərdən tutmuş evin isitmə, işıqlandırma və avadanlıqlarını idarə etməyə imkan verən “Works with Nest” tətbiqinə kimi, demək olar ki, hər şey üzərində işləyən mühəndislər, proqramçılar və alimlər çalışır. “Chick-fil-A” əməkdaşlarının və tərəfdaşlarının qida, dizayn və xidmət sahələrində yeni fikirləri birgə araşdıra biləcəyi “Hatch” adlı böyük bir innovasiya mərkəzini yaradıb. “Hatch” yeməklər və restoranlar haqqında yeni fikirləri ortaya çıxarmaq və onları həyata keçirmək üçün, “ixtira etmək, araşdırmaq və gələcəyi xəyal etmək” üçün bir yerdir.
Şirkət daxili tədqiqat və inkişaf imkanlarından ziyadə öz rəhbərlərinin, satış təmsilçilərinin, alimlərinin, mühəndislərinin və istehsal əməkdaşlarının intellektual potensialından da istifadə edə bilər. Bir çox şirkətlər işçilərini yeni məhsul ideyalarını yaratmağa təşviq edən uğurlu daxili sosial şəbəkələr və şirkətdaxili sahibkarlıq proqramları hazırlayıb. Məsələn, “AT&T” şirkətin bütün sahələrində və səviyyələrində çalışan işçilərin məhsul və xidmətlər üzrə yeni ideyalarını təklif və müzakirə edə biləcəkləri, eləcə də səs verə biləcəkləri “İnnovasiya boru kəməri” (İBK) (The Innovation Pipeline) adlı daxili onlayn innovasiya icması yaradıb. Hər rübdə ən çox səs yığan ideyaların “qurucuları” öz ideyalarını maliyyələşdirmək və inkişaf etdirmək üçün ən yaxşı üç layihəni seçəcək “AT&T” rəhbərlərinə təqdim edirlər. 2009-cu ildə təsis edilməsindən bəri “AT&T” işçiləri İBK icmasına 28 mindən çox fikir təqdim ediblər. Şirkət xidmət keyfiyyətinin artırılmasından tutmuş yeni məhsulların təqdim edilməsinə qədər 75 İBK layihəsini maliyyələşdirib.
“Facebook” və “Twitter” kimi texnologiya şirkətləri işçilərinin gündəlik işlərindən bir gün və ya bir həftə vaxt ayıraraq yeni ideyalar yaratmaları üçün mütəmadi olaraq “hackathon” yarışmalarını maliyyələşdirir. 300 milyon nəfərlik bir professional sosial şəbəkəsi olan “LinkedIn” hər ayın cümə günləri işçiləri şirkətə xeyir verə biləcək istənilən işlə məşğul olmağa təşviq edən “haker günləri” keçirir. “LinkedIn” “InCubator” proqramı ilə prosesi bir addım irəli götürür. Burada işçilər hər rüb “LinkedIn” rəhbərlərinə innovativ ideyalar təklif edən komandalar yarada bilər. İdeyaları təsdiqlənərsə, komanda ideyalarını reallığa çevirmək üçün gündəlik işlərindən 90 günə qədər möhlət ala bilərlər.
İdeyaların xarici mənbələri
Şirkətlər həmçinin bir neçə xarici mənbədən yeni məhsul ideyaları əldə edə bilər. Məsələn, distribüterlər və təchizatçılar ideyalar təmin edə bilərlər. Distribüterlər bazara çox yaxındır və istehlakçıların problemləri və yeni məhsul imkanları barədə məlumat ötürə bilərlər. Təchizatçılar şirkətə yeni məhsullar hazırlamaq üçün istifadə edilə biləcək yeni anlayışlar, üsullar və materiallar haqqında məlumat verə bilərlər.
Rəqiblər yeni məhsul ideyalarının başqa bir önəmli mənbəyidir. Şirkətlər rəqiblərin yeni məhsulları haqqında xəbərdar olmaq üçün onların reklamlarını izləyir. Onlar rəqiblərin yeni məhsullarını alır, məhsulun işləmə mexanizmini başa düşmək üçün hissələrə ayırır, satışlarını təhlil edir, sonra özlərinin də bu tip yeni məhsullar üzərində işləyib-işləməməsi haqda qərar verirlər. Digər ideya mənbələrinə ticarət jurnalları, şoular, veb-saytlar və seminarlar, dövlət qurumları, reklam agentlikləri, marketinq tədqiqatı şirkətləri, universitet və ticari laboratoriyalar və ixtiraçılar daxildir.
Bəlkə də, yeni məhsul ideyalarının ən vacib mənbələri müştərilərin özləridir. Şirkət istehlakçının problemlərini daha yaxşı həll edə bilən yeni məhsullar tapmaq üçün müştərilərin sual və şikayətlərini təhlil edə bilər. Və ya müştəriləri təklif və fikirlərini bölüşməyə dəvət edə bilər. Məsələn, “LEGO Group” şirkəti “LEGO ideyaları” (LEGO Ideas) adlı veb-səhifə vasitəsilə istifadəçilərə yeni məhsul ideyalarını bölüşmək üçün imkan yaradır. “LEGO ideyaları” veb-səhifəsində nəhəng oyuncaq istehsalçısı istifadəçi fikirləri ilə yeni LEGO konstruksiya oyuncaqları yaradır. Sayt müştəriləri öz fikirlərini yazmağa və başqalarının fikirlərini dəyərləndirməyə dəvət edir. 10000 səs toplamış fikirlər marketinq və dizayn da daxil olmaqla müxtəlif şöbələr tərəfindən daxili rəy üçün “LEGO rəy şurası”na göndərilir. Rəydən keçən fikirlər rəsmi LEGO məhsulları şəklində hazırlanır. İdeyaları istehsal məhsuluna çevrilmiş müştərilər məhsulun ümumi xalis satışının 1 faizini və satılan hər dəst üçün LEGO ideyalarının yaradıcısı kimi kredit qazanırlar. Bu günə qədər “LEGO ideyaları”, “LEGO doktor Kim” (LEGO Doctor Who), “LEGO quşlar” (LEGO Birds)”LEGO Böyük partlayış nəzəriyyəsi” (LEGO Big Bang Theory), “LEGO ruh ovçuları” (LEGO Ghostbusters)”LEGO Wall E”, “LEGO gələcəyə qayıdış DeLorean zaman maşını” (LEGO Back to the Future DeLorean Time Machine), “LEGO mərmər labirint” (LEGO Labyrinth Marble Maze) də daxil olmaqla 12 yeni məhsulun satışına təkan verib.
Pingback: Yeni məhsulun yaradılması prosesi - konsepsiya (üçüncü hissə) - Hajiyev.org