Varlanmaq barədə hekayələrin mənasızlığı haqqında

Varlanmaq barədə hekayələrin mənasızlığı haqqında

Əlindən iş gələn iş görür. Gəlməyən isə başqalarını öyrədir” – Bernard Şou.

Məşhur irlandiyalı dramaturq Bernard Şounun zamanında da yəqin ki, öyrədənlər öyrənənlərdən çox idi. Bu gün də öyrədənlər az deyil. Hara baxsaq kimsə, nə isə öyrədir. Mənim burada yazdıqlarım isə öyrətmə cəhdi deyil. Kimisə öyrətmək kimi bir fikrim yoxdur. Bu məqalə isə, bir növ səsli (əslində isə yazılı) düşünmək kimi bir şeydir.

İnstagram reel-lərində siz də yəqin ki, mənim kimi gün ərzində bir qədər vaxt keçirirsiniz. Bu reel-lərin də 70%-i ya bizə nəsə öyrətməyə çalışır, ya da hansısa mövzularda motivasiya etməyə çalışırlar. Əksəriyyəti də aşağıdakı ifadələrlə başlayır:

  • Kaş bunu əvvəldən biləydim…
  • Bunu sizə heç kim deməyəcək, amma mən sizə deyəcəm…
  • Mən sənə bir etiraf etmək istəyirəm…
  • Bilməli olduğunuz bir sirr…
  • Həqiqətən bilmək istəmirsən…
  • Desəm inanmazdın…
  • Kaş bunu əvvəldən biləydim…
  • Buna mütləq ehtiyacınız olacaq…

Həmin reel-i paylaşanları çox vaxt tanımırıq. Bu cür paylaşımlar adətən müəllifi belə bilinməyən səhifələr tərəfindən edilir. Lakin trendə düşdüklərinə görə biz onları görürük. Bəzən analarımız və yaşlı nənələrimiz də həmin paylaşımları bizə göndərir və deyir ki, görürsən nə ağıllı söhbət edir? Bir sözlə, hamı bizə nəsə öyrətməyə çalışır. Bəs bizə öyrətmək istədiklərini özləri də bilirlərmi? Və ya bizə təlqin etdiklərini özləri də edirlərmi?

Bu məqaləni niyə yazıram?

Bu məqaləni yazmağa şövq edən şey bu yaxınlarda “Əkinçi” YouTube kanalında izlədiyim bir müsahibə oldu. Əlil arabası istifadəçisi olan Cəmilə Məmmədli əlilliklə bağlı olan motivasiya tədbirlərindən danışırdı. O xanım deyirdi ki, motivasiya videoları fiziki məhdudiyyətli insanların üzərində təzyiq yaradır. İnsanların hamısı eyni deyil. Bir nəfərin bacardığını başqası bacarmaya da bilər. Bu qədər motivasiya çağırışlarının qarşılığında onların bacarmamaqları isə əks effekt verir. Xanım çox haqlı deyir. (Vaxtınız olsa, videoya baxın: https://youtu.be/dxczx5f-9Mg).

Cəmilə Məmmədli

Bir sıra insanlar düşünür ki, insanları motivasiya etməyə çalışmaqla, hansısa yaşam koçunun təlimlərinə getməklə, seanslara vaxt ayırmaqla həyatda daha da uğurlu olacaqlar. İndiyə qədər mövcud olan problemlərindən yaxa qurtararaq yeni həyata başlayacaqlar. Mənim sizə pis xəbərim var. Bütün bunlar hamısı illüziya və böyük yalandır. Çox adam motivasiyanın effektli üsul olduğunu düşünür. Elə bu səbəbdəndir ki, motivasiya mövzuları dövrümüzün başlıca trendlərindən biridir. Kitab dükanlarında, onlayn resurslarda ən çox satılan kitablar da məhz bu mövzuda olanlarıdır. Bəzən ömür boyu kitabla dost olmayan birinin də masasının üzərində motivasiya kitabını görürük. Motovasiya kitablarının reklamı da çox asandır. Çünki bu cür nəşrlər valehedici bir cazibəyə malikdirlər.

Nə qədər cəlbedici görünməsinə baxmayaraq, bunların hamısı illüziyadır. Çalışın bu illüziyaya aldanmayın. Motivasiya kitabları oxumayın. Motivasiya videolarına baxmayın. Hətta motivasiya təlimlərinə də getməyin. Bu sizin üçün zaman və pul itkisindən başqa bir şey deyil.

Çoxları Robert Kiosakinin “Varlı ata və Kasıb ata”və ya Napoleon Hillin yazdığı “Zənginliyin açarı” və “Düşün və varlan”  kitablarını oxuyub. Bu kitabları oxuyanların nə qədəri “Zənginliyin açarı”nı doğrudan da tapıb? Nə qədər insan düşünüb və varlanıb? Belə bir statistika varmı?

Robert Kiyosaki

Yuxarıda adını qeyd etdiyim müəlliflərin hansı öz metodlarını tətbiq edərək yüksək maddi sərvətlərə nail ola biliblər? Onların həyat tərzini və maliyyə mənbələrini bilən varmı? Adını çəkdiyim hər iki müəllifin həyatlarında əldə etdikləri ən böyük uğur bizim də bu məqalədə adını çəkdiyimiz və sizin də, çox güman ki, oxuduğunuz kitablardır və onların satışından əldə olunan maddi vəsaitlərdir.

Çoxları düşünür ki, motivasiya kitabları oxuduqda, bu cür təlimlərində iştirak etdikdə motivasiyaları artacaq. Dünən bacara bilmədiyi işi bu gün bacaracaq. Zaman keçir, amma həyat öz axarında davam edir. Motivasiya kitabları bizim həyatımıza heç bir əlavə dəyər qatmır. Çünki günümüzün motivasiya mövzuları böyük bir illüziyadan başqa bir şey deyil. Motivasiya mövzuları, əslində delfin statistikasının məcmusudur.

Delfin statistikası nədir?

Delfin deyərkən ağlımıza ilk gələn fikirlərdən biri odur ki, delfinlər insanları xilas edir. Dənizdə batanları quruya tərəf atır ki, boğulmasınlar. Bu cür hekayələri delfinlərin xilas etdiyi adamlardan eşitmişik. Əslində isə delfinlərin insanı xilas etmək kimi bir qayğıları yoxdur. Delfin bütün digər canlılar kimi şüur ilə deyil, instinklə hərəkət edir. Təhlükə mənbəyi varsa qaçıb gizlənir, qida varsa yeyir, təhlükə yoxdursa və qarnı toxdursa, oynamağa çalışır. Dənizdə boğulmaqda olan insanlar bəzən qarnı tox və təhlükə sezməyən delfinlərlə rastlaşırlar. Həmin delfinlər insanla bir top kimi oynayırlar. Oyun sırasında isə bəzən həmin insanı sahilə qədər gətirib çıxara da bilirlər. Amma bəzən boğulmaqda olan insanı görən delfin ac olur və həmin insana da qida kimi baxır. Biz delfinlərin xilaskarlığı barədə hekayələri yalnız xilas olan olan insanların dilindən eşitmişik. Bəs ac delfinlərin nə qədər insanı batırdığı barədə eşitmisinizmi? Yox. Çünki onlar artıq həyatda yoxdurlar. Hər kəsin bildiyi kimi ölülər söhbətcil deyillər. Yəni biz delfinlərin xilas etdiyi insanların hekayəsini və sayını bilsək də, həlak olanların sayını bilmirik. Buna delfin statistikası deyilir.

Delfin və insan

Delfin statistikasından ən çox həkimlər, mərc oyunları şirkətləri və hazırlıq kursları istifadə edirlər. Bir həkimin yanına 2000 xəstə gəlir. Bu xəstələrdən 20 nəfəri Allahın izni ilə şəfa tapır. Amma yerdə qalan 1980 nəfər qaydada sağalmır və bəzən və dünyasını dəyişir. Həmin həkim mövbəti mərhələdə öz reklam kampaniyasını qurmaq üçün, əlbəttə ki, sağalan xəstələrin hekayələrini danışacaq. Halbuki faiz etibari ilə götürsək, 2000 nəfərdən 20 nəfərin sağalması 1%-dən də aşağı göstəricidir. Belə bir göstərici ilə həmin həkimi uğurlu mütəxəssis hesab etmək olarmı? Əlbəttə yox! Lakin həkim delfin statistikasını işə salır və yeni müştərilər cəlb edir.

Hazırlıq kursuna minlərlə şagird gəlsə də, onların 3-5 nəfəri yüksək keçid balı ilə ali məktəbə qəbul olur. Və bu zaman kurslar delfin statistikasını işə salırlar. Növbəti reklam kampaniyalarında uğursuzların deyil, məhz uğurluların helayələri danışılır.

Mərc oyunlarında 100 minlərlə insan iştirak edir. Yalnız bir-iki nəfər böyük məbləğdə pul qazana bilir. Və artıq sizin də bildiyiniz kimi mərc oyunları kontorları 100 minlərlə məğlubun hekayəsini heç vaxt danışmırlar. Çünki qazananların hekayəsi daha cəlbedicidir və kontora yeni müştərilər cəlb edir.

Motivasiya mövzuları da bu cürdür. Delfin statistikasıdır. Çünki bu mövzularda biz yalnız müəyyən yolu gedərək uğur qazanmış azsaylı insanların hekayələrindən xəbər tuturuq. Misal üçün “Stiv Cobs dostları ilə qarajda şirkət açdı və varlandı”, “Bill Qeyts heç nədən Microsoft şirkətini yaratdı”, “İlon Mask Paypa-lı evlərinin zirzəmisində qurdu”  və s. kimi hekayələr danışılır. Bu cür kitabları oxuyanları həmin yola dəvət edirər. Halbuki bəlkə də milyonlarla başqa insan eyni yolu getməyə çalışsalar da uğur qazana bilməyiblər. Amma həyat bizə uğurluların hekayələrini öyrədir. Halbuki uğursuzluq hekayələrini öyrənmək bəlkə də daha vacibdir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir