Facebook və İnstagram dövründə insanlar öz miflərini yaradırlar və o mifə inanırlar. Onlayn rejimdə saysız hesabsız saatlarla özlərinin mükəmməl obrazını quran və bəzəyən, öz yaratdıqlarını səhvən həqiqət olaraq qəbul edən adamları seyr etmək çox valehedici və təlaşlıdır.
Biz bu insanların real həyatlarına yox, fantaziyalarında qurduqları həyatlarına kompüter və ya smartfon ekranından baxırıq.
Tropik çimərlikdə arxası mavi dənizə tərəf dayanan, bir əlində kokteyl tutan, digər əli ilə sevgilisinin belini qucaqlayan birini təsəvvür edin. (Əslində təsəvvür erməyə də ehtiyac yoxdur. Çünki mən belə bir mənzərəni mən artıq süni intellekt vasitəsilə düzəltmişəm.) Valehedicidir, deyilmi?
Bir də həmin şəkil çəkilərkən həmin fərdin keçirdiyi real hissləri təsəvvür edin: ayağını sancan və zəhlə tökən milçək, az öncə yediyi balıq şorbasının mədəsini bulandırması, üzünə təbəssüm ifadəsi vermək üçün çənəsinin və üz əzalarının gərilməsi, şəkildəki xoşbəxt cütlüyün cəmi beş dəqiqə əvvəlki eybəcər davası, həmin səyahəti almaqdan ötrü götürlmüş böyük kreditlər və batan sərmayələr…
Təlaşlıdır, deyilmi?
Biz şəkildəki adamların şəkili çəkdirərkən hiss etdiklərini təsəvvür etsəydik, yenə də həmin illüziyanın içində olmaq istərdikmi?
P.S. Ən dəhşətlisi isə odur ki, artıq həmin şəkilləri çəkdirməkdən ötrü tropik çimərliyə getməyə də ehtiyac qalmayıb. Süni intellekt sizin üçün bu fotonu düzəldə bilir.
Posted inİctimaiyyətlə əlaqələr