Jurnalistikanın prinsipləri: Xəbər insanları və cəmiyyətin gözləntiləri

Jurnalistikanın prinsipləri: Xəbər insanları və cəmiyyətin gözləntiləri

Dünyanın hər bir ölkəsində jurnalistikanın spesifik problemləri və vəzifələri var, lakin onların əksəriyyəti ümumi xarakter daşıyır. Azərbaycandakı media qurumları dünya mediasının bir hissəsidir, buna görə də dünya jurnalistikasında mövcud olan prinsiplər həm Azərbaycan üçün olduqca vacibdir.

Doqquz prinsip

1997-ci ildə nüfuzlu kütləvi informasiya vasitələrinə təzyiqlər və mediaya olan inamın cəmiyyətdə azalması məsələləri ilə məşğul olan bir qrup amerikalı jurnalist komitə (Committee of concerned Journalists) yaratdılar. Bir neçə il ərzində komitə çoxsaylı görüşlər, seminarlar keçirib və jurnalistlər, redaktorlar, habelə oxucular arasında araşdırmalar aparıb. 3000-dən çox insan bu müzakirələrdə iştirak edib. Bunun nəticəsi olaraq, komitə müasir jurnalistika üçün doqquz əsas prinsipi müəyyən edib:

1. Jurnalistikanın ümdə vəzifəsi həqiqəti üzə çıxarmaqdır,
2. Hər şeydən öncə jurnalistika vətəndaşlara münasibətdə loyal olmalıdır,
3. Məlumatların yenidən yoxlanılması qaydası jurnalistikanın mahiyyətidir,
4. Jurnalistika praktikası ilə məşğul olanlar işıqlandırdıqları subyektlərdən asılı olmamalıdır,
5. Jurnalistika müstəqil monitorinq gücü kimi çıxış etməlidir,
6. Jurnalistika ictimai tənqid və kompromis üçün forumun mövcudluğunu təmin etməlidir,
7. Jurnalistika mühüm olan məlumatları maraqlı və müvafiq surətdə çatdırmağa çalışmalıdır,
8. Jurnalistika xəbərin mükəmməl olmasını və mütənasibliyini saxlamalıdır,
9. Jurnalistika praktikası ilə məşğul olanlara şəxsi vicdanlarının diktəsi ilə hərəkət etmək imkanı verilməlidir.

Nə üçün bu doqquz məqama xüsusi olaraq diqqət yetirilməlidir. Bəzi oxucular burada bəzi bəndlərin nəzərdən qaçırıldığını düşünə bilərlər. Bəs, ədalətlilik haradadır? Balans haradadır? Öyrəndiklərimizi sintez etdikdən sonra müəyyən olur ki, obyektivlik və balans da daxil olmaqla çoxlu sayda oxşar və hətta faydalı fikirlər jurnalistika peşəsinin mühüm elementlərinin inkişafını ehtiva etmək üçüb qeyri-dəqiqdir. Belə fikir də yarana bilər ki, bu siyahıda yenilik yoxdur. Biz isə əksinə, jurnalistika elementlərinin mif və yanlış təsəvvürlər içində gizləndiyini aşkar etdik.

Bu günədək obyektivlik anlayışı o qədər təhrifə məruz qalıb ki, obyektivlik konsepsiyasına düzəliş edilməsi problemi də meydana çıxıb. Şübhəsiz, obyektiv jurnalistikanın əslində necə olması, nəyə bənzəməsi suallar yaradır. Obyektiv jurnalistika, yəni xəbəri yaradan şəxsdən hər hansı formada asılı olmayan yaradıcılıq əslində mifdir. Bütün insanlar kimi, jurnalistlərdə də tərəfkeşlik, qərəzli yanaşma və yanlış rəy elementləri var. Lakin peşəkar jurnalist həmin tərəfkeşlik və yanlış yanaşma hallarına qalib gəlmək üçün peşə standartlarından necə istifadə etməyin üsullarini bilir. Həqiqi mənada esl jurnalist obyektivlikdən daha çox balanslı yanaşma tərzini üstün tutur.

Sirr deyil ki, xəbərlərlə tanışolma metodu tarix boyu bir sıra dəyişikliklərə məruz qalıb. Bu proses cəmiyyətdə sosial, iqtisadi və texnoloji dəyişikliklərin baş verdiyi zamanda paralel şəkildə inkişaf edib. Hazırda isə kabel televiziyası və İnternet kimi vasitələrin mövcudluğu bu prosesin daim inkişafda olmasının bariz nümunəsi kimi xarakterizə oluna bilər. Lakin hazırda mövcud olan kolliziya dramatik səviyyəyə çata bilər. Hazırda tarixdə ilk dəfə olaraq elə situasiya yetişib ki, xəbərlər daha çox jurnalistika ilə əlaqəsi olmayan, jurnalistikadan uzaq qurumlar tərəfindən yayılmaqdadır. İlk baxışdan xəbər təəssüratı bağışlayan, əslində isə müəyyən dairələrin kommersiya məqsədlərinə xidmət edən məlumatların müstəqil xəbəri sıxışdırmasının mümkün olması üzə çıxır. Əgər bu proses baş tutarsa, azad bir institut kimi fəaliyyət göstərən müstəqil mətbuatı itirmiş olacağıq. Cünki məhz mətbuat cəmiyyətin fəaliyyətinə təsir imkanları olan qüvvə və təsisatların fəaliyyəti ilə bağlı müstəqil monitorinq vəzifəsini yerinə yetirir.

Yeni yüzillikdə demokratik cəmiyyət üçün ən ümdə suallardan biri müstəqil bir mətbuatın yaşayıb-yaşamamasıdır. Cavab jurnalistlərin müstəqil mətbuat anlayışını aydın şəkildə başa düşməsindən, habelə vətəndaşların bu məsələyə qayğı və diqqətindən asılı olacaq.

Həqiqət nədir?

Jurnalistikanı müzakirə etdiyimiz zaman həmişə obyektivlik və həqiqət məsələsi qarşımızda dayanır. Obyektivlik, yaxud həqiqət nədir? O nəyə bənzəyir? Mömin insanın öz həqiqəti var. Bəs onda hansı mömin həqiqətə daha çox yaxındır? Filosofların da öz həqiqətləri olur, tarixə məlum olan hər bir filosof öz həqiqət nəzəriyyəsini təklif etmişdir. Beləliklə, jurnalist üçün həqiqət meyarı nədir? Jurnalistika sahəsində həqiqət daha çox faktların dürüstlüyü kimi dərk olunmalıdır. Buna görə də, faktları və rəyləri bir-birindən fərqləndirmək vacibdir.

Fakt nədir?

“Fakt: faktiki olaraq baş vermiş, yaxud real olan bir hadisədir” (Webster’s New Universal Unabridged Dictionary)

Jurnalistikanın üzərinə düşən birinci məsuliyyət faktları oxuculara və ya dinləyicilərə çatdırmaqdır. İnformasiya təşkilatı həmin xəbərin təhlilini təklif edə və həm də özünün, ya da şərhçilərin rəyini təqdim edə bilər. Lakin faktların ifadəsi jurnalistin birinci dərəcəli vəzifəsidir. Məhz bu səbəbdən də, hər bir jurnalist həmin faktı, təhlili, rəyi bir-birindən fərqləndirməli və bu fərqləri aydın başa düşməlidir. Hər hansı informasiya materialında təqdim olunan fakt icmalçının şahidi və ya əmin olduğu hadisə, yaxud hərəkət və ya situasiya ola bilər.

Faktla bağlı növbəti mühüm məqam mənbədir. Yadda saxlayın, fakt KİMİNSƏ NƏSƏ söyləməsidir. Ancaq bu söylənilən dürüst ola və ya olmaya bilər. Əgər polis sizə iki nəfərin qəzada xəsarət aldığını deyirsə, bu zaman siz polisin söylədiyini BİLİRSİNİZ, lakin siz hadisə yerinə getməyincə və hər şeyi öz gözlərinizlə görməyincə iki nəfərin xəsarət aldığını BİLMİRSİNİZ.

Jurnalistin işi təsdiq olunmuş həqiqətə bacara bildiyi qədər yaxınlaşa bilməkdir. Bu o deməkdir ki, biz kimsənin söylədiyini sadəcə səliqəli və dəqiqliklə yaymaqdan daha çox iş görməliyik. Biz həm də mənbəni qiymətləndiririk. Mənbə hal şahididirmi? Yoxsa ikinci və ya beşinci əldən qəbul edilən məlumata malikdir? Mənbə neytral müşahidəçidir, yoxsa o, informasiyanı hər hansı səbədən təhrif edir?

Siz təkcə mənbəni qiymətləndirməməlisiniz; siz həm də elə etməlisiniz ki, oxucuların bunu etmək imkanı olsun. Buna görə də mənbənin adını gizlətmək üçün güclü və qaçılmaz bir səbəb olmadığı təqdirdə, mütləq mənbələrin adı çəkilməlidir. Siz mənbənin adını açıqlamaqla ona nə qədər etibarlı olduğunu, yaxud da nə qədər qərəzli fikrə malik olub-olmadığını göstərmək imkanı verirsiniz. Bu sizin məqalənizi daha inandırıcı edir. Hər hansı bir bəyanat mübahisəli olan hər hansı bir məsələni birtərəfli qaydada işıqlandırırsa, oxucularınıza qarşı tərəfin də fikir və mövqeyini çatdırmağa hər vəchlə çalışmalısınız.

Təhlil (analiz) lüğətdə verilən izaha görə, “hər hansı bir bütövün təbiətini, nisbi tərkibini, funksiyasını, qarşılıqlı əlaqəsini və s. müəyyən etmək üçün onun hissələrə ayrılması, yaxud parçalanması” mənasını verir.

Yadda saxlayın ki, analiz fakta əsaslanır. Siz öz bilik və mühakimənizdən əlaqələndirmələr apararkən və ya şərhlər verərkən istifadə edirsiniz, lakin təqdim etdiyiniz material hələ də faktlara əsaslanmalıdır. Fakt və təhlil bir çox hallarda informasiya xarakterli materiallarda birləşdirilə bilər (məqalə tam analitik səciyyə daşıdığı zaman o, “təhlil”, yaxud “xəbərlərin şərhi” adlandırıla bilər). Lakin faktlara əsaslanan jurnalistika ənənəsinə görə, xəbərlər rəy və təhlillərdən ayrılır.

Rəy nədir?

Rəy məlum gerçəkliyə yox, hər hansı bir məsələyə inam yaratmağa xidmət edən təsbitedici məlumatdır. Rəyin ən səciyyəvi növlərinə redaksiya mövqeyini təmsil edən yazılar və köşə yazıları daxildir. Redaksiya mövqeyini təmsil edən yazılar dedikdə qəzetin hər hansı spesifik mövzuya dair nöqteyi-nəzərini ifadə edən bir məqalə, yaxud araşdırıcı oçerk nəzərdə tutulur. Bu ya baş redaktor, ya da digər şəxs, adətən aparıcı jurnalist tərəfindən yazıla bilər. Köşə yazısı istər redaksiya heyətinin üzvü, istər üzvü olmayan yazarın, istərsə də kənar bir ekspertin fikirlərini əks etdirən imzalı məqalədir. Peşəkar media rəy yazılarını xüsusi yarlıqla konkretləşdirir. Bu, istifadəçilərə (oxuculara, tamaşaçılara) faktları və rəyi asanlıqla ayırd etmək imkanı verir. Jurnalistlər xəbər materiallarında öz fikir və rəylərini ifadə etməkdən qəti şəkildə çəkinməlidirlər. Bu təkcə sizin toxunduğunuz mövzu barədə düşüncələrinizi bildirməkdən imtina etmək mənasını vermir. Siz həm də elə sözlərdən istifadə etməlisiniz ki, bu, xəbərdə rəy olması təəssüratı bağışlamasın.

Orxan Fikrətoğlunun müəllifi olduğu “Halbuki” verilişi

Faktlarla bağlı dürüstlük və səliqəli yanaşma həm də rəy yazılarında özünü büruzə verməlidir. Rəy yazılarında faktlara hörmət bəslənilməsi rəy jurnalistikası ilə təbliğat arasında mühüm fərq yaradır. İstənilən fakt diqqətli, dürüst və inandırıcı təqdim edilməlidir. Faktlar çaşdırıcı olmamalıdır: məsələn, müəyyən faktların çatdırılması və digərlərinin nəzərdən qaçırılması halına yol verilməməlidir. Oxucu qəzetin hansı səhifəsində dərc olunub-olunmamağından asılı olmayaraq, orada verilmiş faktlara etibar edə bilməlidir.

Xəbərlər nədir?

Bütün məqalələrə bir sıra hallarda ‘5-W-H’ adlandırılan məlumatlar daxil edilməlidir. Yəni: Nə (What), Harada (Where), Nə zaman (When), Kim (Who), Nə üçün (Why) və Necə (How).

İşlənməsi: Nə baş verir? (What is happening?), Harada baş verir? (Where is it happening?), Nə vaxt baş vermişdir? (When did it happen?), Kim cəlb olunmuşdur? (Who is involved?), Necə baş vermişdir? (Why is it happening & How has it come about?).

BÜTÜN xəbərlər BÜTÜN bu suallara cavab verməyə çalışmalıdır.

Beynəlxalq mediada xəbərlər adətən “Hard news”“Soft news” kimi kateqoriyalaşdırılır.

“Hard news” dedikdə, təzəcə baş vermiş, yaxud baş vermək üzrə olan cinayət, yanğın halları, mitinqlər, nümayişlər, nitqlər, məhkəmə isləri kimi hadisə və ya münaqişələr nəzərdə tutulur. Onlar nəyin baş verməsi, nəyə görə baş verməsi, oxucu və ya tamaşaçılara necə təsir edə biləcəyindən bəhs edir.

“Soft news” dedikdə isə oxucu və ya tamaşaçının məlumatlandırılması nəzərdə tutulur. Cox zaman bu cür xəbərlərdə insanları maraqlandıran hallara və ya yeniliklərə əsas diqqət yetirilir. Bu cür xəbərlər oxucu və tamaşaçıların həyatına hər hansı formada təsiri olan insanlar, yerlər və ya problemlərə fokuslanır.

Xəbərlərə “müasir tarixi salnamələrin ilk cizmaqarası” və ya “bizim həyatımıza hər an təsir göstərmək imkanına malik və vacibliyi ilə seçilən məlumat” demək olar. Əlbəttə, xəbərin bir çox müxtəlif növləri də mövcuddur, sadə sözlə desək, onların əksəriyyəti aşağıdakı kateqoriyalara uyğun gələ bilər:

YAXINLIQ VƏ MÜVAFİQLİK. Ətrafda baş verən hadisələr bizdən xeyli uzaqda olan hadisələrdən daha çox cəlbedicidir. Ətrafdakı insanların həyatlarına, onların gəlir və emosiyalarına daha çox təsir edə biləcək hallar mövcuddur, ən vacibi budur ki, baş verən hadisə məhz onların yaşam tərzlərinə sirayət edəcək.

TƏCİLİLİK. Xəbər bu an baş verən bir hadisədir. Dünən baş vermiş hadisə barədə deməyə yeni bir şey olmadığı təqdirdə artıq o “ölü”dür. Xəbər yalnız “YENİ” olduğu təqdirdə xəbərdir.

MARAQ. Xəbər sizi daim ayaq saxlayıb onu dinləməyə, bəzən qeydlər aparmağa məcbur etməlidir. Məqalələr genişmiqyaslı müraciət kimi təqdim olunmalıdır, əks halda auditoriyanın böyük bir hissəsi xəbəri tərk etməyə tələsəcəkdir. Jurnalistin ustalığı xəbəri müvafiq formada, aydın şəkildə, faktlara əsaslanmaqla və maraqlı üsulla təqdim etməkdən ibarətdir.

DRAM. Şəxsiyyət əleyhinə yönəldilən cinayətlər, cinayətkarın avtomaşınla təqib olunması, qeyri-adi xilasetmə əməliyyatları daim populyar filmlər üçün süjet xəttidir. Qorxu, macəra və münaqişə əksər insanların diqqətini cəlb edir.

ƏYLƏNCƏ. Bu əslində proqramın üslubundan asılıdır. Buna baxmayaraq, informasiya materiallarının çatdırılması ilə məşğul olan bir çox peşəkarlar hazırda əyləncə ilə paralel şəkildə informasiya verməyin də mümkün olduğunu qeyd edirlər. Xəbər bülletenin sonunda bir əyləncəli xəbər parçası (adətən “və sonda” kəlməsi ilə başlayan) vasitəsilə auditoriyanın gülümsəməsinə nail olmaq ideyası bir çox TV və radio şirkətləri tərəfindən geniş istifadə olunur.

XÜSUSİ MARAQ. Əhalidə elm, biznes və ya din kimi maraq doğuran, yaxud da qadınlar, azlıqlar, əlillər və s. kimi müəyyən qruplara yönələn xəbərlər.

TƏHLİL. Hadisələrin mənasını şərh edən materiallar.

İctimai TV-də xəbərlər buraxılışı

Nələr işıqlandırılır?

Kütləvi informasiya vasitələrinin əhatə etdiyi sahələrin beş əsas seqmenti mövcuddur: hökumət, biznes, birliklər, qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər. İstənilən xəbər buraxılışı həmin seqmentlərin qarışığını təqdim edir.

Bununla yanaşı, hər bir media buraxılışının öz xüsusi məqsədləri ola bilər, məsələn, Azərbaycanda nəşr olunan “Caspian Business News” qəzeti əsasən neft və qaz sektoru, habelə bank sektoru ilə bağlı regional biznes və iqtisadi xəbərləri işıqlandırır. Lakin həmin qəzetdə oxucular siyasi, ictimai, idman və əyləncə xarakterli xəbərlərlə də tanış ola bilərlər.

Jurnalistlər üçün peşəkarlıq nədir?

Peşəkar jurnalistika fa tlara əsaslanmalı, vicdanlı, ədalətli, dolğun və ardıcıl olmalıdır.

Faktlara əsaslanma dedikdə, xəbər materiallarinin hazırlanması zamanı rəy deyil faktlara üstünlük verilməsi başa düşülür. Bu həm də dürüstlük, səliqəlilik, dəqiqlik, faktların düzgün yolla alınması, o cümlədən düzgün faktların elde edilməsi deməkdir.

Vicdanlı olmaq dedikdə, fırıldaqçılıq və aldatma kimi qəbuledilməz meyllərdən uzaq olma başa düşülür. Faktların təhrif olunmasına heç zaman yol verilməməlidir.

Ədalətli olmaq özündə şəxsi mənfəət, tərəfkeşlik, yaxud qərəzçilik kimi elementləri müəyyən edib onların nəzarətdən çıxmasına yol verməmək və ya onların cilovlanması mənasını verir.

Dolğun olmaq dedikdə, müfəssəl məlumatın, məzmun və balansın təmin olunması, habelə ifadə tərzinin, dil, təcrübə və emosiyaların müvafiq formasının seçilməsi nəzərdə tutulur.

Ardıcıl olmaq jurnalistika peşəsinin standartlarına dəyişməz və birmənalı uyğunluq nümayiş etdirmək mənasını verir.

Xəbərlərin hazırlanmasına dair praktiki məsləhətlər: 

• Yalnız deməyə bir sözünüz olduğu təqdirdə yazın.
• Hamı üçün aydın və anlaşıqlı bir şəkildə yazın.
• Sifət və zərflərdən yerində istifadə edin.
•Məqaləni elə yazın ki, oxucu onu elə ilk dəfə oxuduğu anda başa düşsün.
• Nəql etməyin, təsvir etməyə çalışın.
• Uzun və mürəkkəb cümlələrdən istifadə etməyin.
• Mənasını dəqiq bildiyiniz sözlərdən istifadə edin.
• Heç zaman redaktora təkmilləşdirilməsinə ehtiyac duyduğunuz məqalə təqdim etməyin.
• İnformasiya materiallarında əsas fikir məhz elə birinci abzasda göstərilməlidir (Əyri Piramida).
• Standart abzaslar üç-dörd cümlədən ibarət olmalıdır, yəni abzaslar 40-50 sözdən artıq olmamalıdır.
• Hərəkəti ifadə edən sözlərdən istifadə edin. Onlar materialı aktiv və emosional edir.
• Jurnalistika bir seçim incəsənətidir. Bütün əlavə şeyləri bir kənara atıb, materialda yalnız xəbəri zərurilik səviyyəsinə çatdıran ən yaxşı fikirləri saxlayın. Bu, peşəkarlığın tələblərindən biridir.

Faydalı məlumat

Beynəlxalq Jurnalistlər Federasiyasının 1954-cü ildə keçirilmiş Ümumdünya Konqresi tərəfindən qəbul edilmiş və 1986-ci ildə keçirilmiş Ümumdünya Konqresi tərəfindən düzəlişlər edilmiş normalar:
1. Həqiqətə və ictimaiyyətin həqiqət əldə etmək hüququna ehtiram bəslənilməsi jurnalistin ümdə vəzifəsidir. 2. Jurnalist üzərinə düşən vəzifəsinə uyğun olaraq, xəbərin vicdanla toplanması və dərc edilməsi zamanı azad söz, ədalətli şərh və tənqid prinsiplərini həmişə müdafiə etməlidir. 3. Jurnalist yalnız mənşəyini dəqiq bildiyi faktlara əsaslanaraq məlumat verməlidir. Jurnalist mühüm əhəmiyyət kəsb edən məlumatı gizlətməməli, yaxud sənədləri saxtalaşdırmamalıdır. 4. Jurnalist xəbər, şəkil və sənədlərin toplanması zamanı yalnız nəcib üsullardan istifadə etməlidir.
5. Jurnalist çox zərərli hesab edilən və artıq dərc olunmuş məlumatların doğurduğu situasiyanı düzəliş etmək üçün mümkün vasitələrdən istifadə etməlidir.
6. Jurnalist məxfi qaydada əldə olunmuş informasiyanın mənbəyi ilə bağlı peşə sirrinə əməl etməlidir. 7. Jurnalist media vasitəsilə irq, gender, cinsi oriyentasiya, dil, din, siyasi, yaxud digər fikirlər, milli və ictimai mənsubiyyətlərlə bağlı ayrı-seçkilik hallarına yol verməməsi üçün mümkün olanı etməlidir.
8. Jurnalist aşağıdakıları ciddi peşə pozuntusu hesab etməlidir: plagiatlıq; qərəzli mövqedən şərh etmə; böhtan; təhqir; iftiraçılıq; əsassız ittiham; bu və ya digər materialın dərci və ya dərc edilməməsi üçün hər hansı bir şəkildə rüşvət alma. 9. Bu ada layiq olan jurnalistlər yuxarıda göstərilən prinsiplərə vicdanla əməl etmək məqsədilə bunu öz vəzifələri hesab etməlidir.

Qanunlar çərçivəsində hərəkət etməklə jurnalist peşə məsələləri ilə bağlı hər hansı hökumət qurumunun mühakiməsini deyil, yalnız həmkarlarının mühakimələrini qəbul etməlidir.

İstifadə olunmuş ədəbiyyat: Bill Kovach, Tom Rosenstiel “Elements of Journalism”, New York 2001

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti