İctimaiyyətlə əlaqələr (PR) ilə marketinqin fərqi nədir?

İctimaiyyətlə əlaqələr (PR) ilə marketinqin fərqi nədir?

Çox vaxt insanlar İctimaiyyətlə əlaqələrmarketinqin eyni fəaliyyət sahəsi olduğunu düşünürlər. Hətta bəzən PR abreviaturası ilə marketinq sözünü sinonim məfhumlar kimi istifadə etmək meyllərini də müşahidə edirik. Halbuki, bu iki fəaliyyət sahəsi alətlərinə və vasitələrinə görə bir-birinə bənzəsə də, əslində fərqli məqsədlərə xidmət edən fəaliyyət sferalarıdır. Azərbaycanda azad bazar münasibətləri son 30 il ərzində formalaşmağa başlayıb. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid özü ilə yeni fəaliyyət sahələri və peşələr meydana gətirib ki, PR və marketinq də bu ixtisas sahələrinə aiddir. PR və marketinq terminləri yerli biznes icmasında son illər aktiv şəkildə istifadə olunmağa başlayıb. Bir çox hallarda yerli biznesin nümayəndələri də bu iki sahənin təsnifatında səhvlərə yol verirlər. Bu yalnışlıqlar işəgötürmə prosesindən, biznes planın yazılmasına və ştat cədvəlinin tətbiq edilməsinə qədər təkrarlanır.

Yalnış vakansiyalar

İş elanları saytlarında “PR və Marketinq mütəxəssisi”, “Satış və Marketinq mütəxəssisi” və hətta “Satış, PR və Marketinq mürəxəssisi” kimi vakansiyaların yer aldığını görürük. Bu cür təsnifatların uyğunsuz olduğunu izah etmək üçün bir neçə nümunəyə nəzər salaq.

Müəllimlik və həkimlik tamam fərqli ixtisas sahələridir. Vakansiya saytında “Müəllim-həkim” başlıqlı bir elanla rastlaşsanız, yəqin ki, təəccüblənərsiniz. Hər kəs bilir ki, müəllim şagird və ya tələbəyə müəyyən bir fənni öyrətməyə mükəlləf olan peşə sahibidir. Həkimin vəzifə borcu isə hansısa xəstəlikdən əziyyət çəkən insanı müalicə edərək sağaltmaqdır. Bu iki ixtisas sahəsinin məqsədləri fərqli olduğu kimi istifadə edilən vasitə və üsullar da fərqlidir. Hətta müəllimlik və həkimlik kimi peşələr də özlüyündə alt ixtisaslara bölünməkdədir. Həndəsə müəllimindən ədəbiyyat dərsi tələb etmək nə qədər qəribədirsə, nevropatoloqdan göz qişasının müalicəsini istəmək də bir o qədər qəribədir. Marketinq və PR da həkimliyin alt ixtisasları kimi fərqli sahələrdir. Bu fərqli sahələrin mütəxəssisləri birgə işləyərək sinerji qururlar. Amma bununla belə öz ixtisaslarının unikallığını qoruyurlar. Bu peşə sahələrinin işi bəzi məqamlarda kəsişsə də, heç bir halda PR mütəxəssisindən bazar araşdırmasını tələb etmək və qiymət siyasətini müəyyən etməyi və ya istehsalı proqnozlaşdırmasını istəmək doğru sayılmaz. Marketinq mütəxəssisinin isə yerli mətbuatın bütün incəliklərinə bələd olmasını, ictimai rəydəki tendensiyaları öyrənməsini istəmək də yersizdir. Çünki bu peşələrin vəzifələri fərqlidir.

Marketinq sözünün kökündə İngilis dilində olan “market” (yəni bazar) sözü dayanır. Bu peşənin mütəxəssisləri yerli və xarici bazarlardakı tendensiyaları bilməyə və proqrnoz verməyə mükəlləfdirlər. Məşhur ABŞ Marketoloqu Filip Kotlerə görə, “Marketinq – insan ehtiyaclarının mübadilə yolu ilə ödənilməsinə yönəlmiş insan fəaliyyətidir. Marketinqin əsas anlayışları bunlardır: tələb, ehtiyaclar, sorğu, məhsul, mübadilə, sövdələşmə və bazar”

Bənzər alətlər

İctimaiyyətlə əlaqələr fəaliyyətində isə biz bu anlayışlarla qarşılaşmırıq. PR fəaliyyətinə xas olan anlayışlar imic, ictimai rəy, lobbiçilik, daxili kommunikasiya, böhran kommunikasiyaları, tədbirlər və sairdir. Marketinq prosesində PR alətlərindən istifadə olunur. PR işində də bəzən Marketinq alətlərindən istifadə olunur.

PR kommunikasiya vasitəsi ilə imic yaratmaq, imici qorumaq sənətidir. Marketinq isə daha çox qazanc əldə etməyi və qazancı artırmağı hədəfləyən fəaliyyətdir. Bununla belə, hər iki sahənin uğurlu əməkdaşlığını da görmək mümkündür. Məhz elə bu səbədən də akademik səviyyədə marketinqi araşdıran mütəxəssislər PR-ı Marketinqin məşhur 4P (Product, Place, Price, Promotion) elementindən biri hesab edirlər. Bu ideyanı tam olaraq yalnış saymaq da olmaz. Əgər məhsul bütün parametrlərinə görə üstündürsə, onu uğurlu şəkildə realizə etmək üçün ictimaiyyətlə əlaqələr həlledici rol oynaya bilər.

Marketinq əsasən, biznesin ehtiyac duyduğu fəaliyyət sahəsi olduğu halda, İctimaiyyətlə əlaqələr işinə bizneslə yanaşı dövlət qurumları, ictimai təşkilatlar, siyasətçilər və digər ictimai xadimlər də ehtiyac duyurlar.

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

Mass media effect on communication

Kütləvi Kommunikasiya Vasitələri (Mass media)

Müasir dünyamızı mediasız təsəvvür etmək mümkün deyil. Hər güm informasiyaya ehtiyac duyduğumuz üçün Kütləvi İnformasiya Vasitələri (KİV) ilə ötürülən kommunikasiyadan...

Xəbər lenti