Emosional intellekt: Həyatda və biznesdə uğurlu olmağın sirri

Emosional intellekt: Həyatda və biznesdə uğurlu olmağın sirri

Həyatda uğur qazanmağın sirri nədədir? Bir çoxları uğurun sirrinin yüksək intellektlə bağlı olduğunu deyir. Başqaları zəngin və əlaqələri geniş olan ailədə doğulmaqla bağlayır. Gənclik illərində qurduğumuz dostluq əlaqələri, gözlənilmədən qazanılan “cek-pot” uduşu, yoxsa düzgün qərar vermək və seçim etmək qabiliyyəti? Sağlam və qayığsız həyat yaşamaq? Bunların hansı həyatda uğur qazanmağın sirridir?

Həyatda uğur qazanmaq ilə bağlı bir çox kitablar yazılıb və sahibinə böyük pullar qazandırıb. Amma bir çox hallarda həmin kitabların müəlliflərinin həyatda elə də uğurlu olmadığını görmüşük.

Uğurun sirrini yüksək intellektlə bağlamaq əsassızdır. Hər il Azərbaycanda onlarla insan çox yüksək balla ali məktəblərə daxil olur. Onların bəziləri ən yüksək keçid balı olan 700 balı toplayır. Azərbaycanda test üsulu ilə universitetə qəbul prosesi 1992-ci ildən başlayıb. Əgər həyatdakı uğurun mütləq sirri intellektlə bağlıdırsa, o zaman gəlin nəzər salaq və görək ki, illər boyu ən yüksək bal ilə ali məktəblərə daxil olan şəxslərin nə qədəri ölkə səviyyəsində və ya dünya səviyyəsində yüksək uğur nümunəsi kimi göstərilir? Sözsüz ki, yüksək intellektə sahib insanların həyatı digər insanlarla müqayisədə daha rahat və rəvandır. Onların, ən azından çox fiziki zəhmət tələb edən ağır işlərdə çalışmadıqları aydındır. Onların çoxu həkim, hakim, müəllim, mühəndis və s. işlərdə çalışırlar. Qışın soyuğunda çöldə, yayın istisində günün altında qalmırlar. Bəs bunu mütləq uğur hesab etmək olarmı?

Uğurun sirri

Sözsüz ki, həyatdakı uğurun sirri tək intellekt deyil. İnsana uğur qazandıran amillərə nəzər yetirməli olsaq, buraya insanın doğulduğu mühit, ətrafındakı insanlar, doğru anda doğru məkanda olmaq, ailəmizin zənginliyi, taleyin acı və ya xoş hökmləri, qura bildiyimiz yaxşı əlaqələr də daxil olmaqla bir çox faktorları görə bilərik. Bu faktorlardan biri də emosional intellektdir.

Bunu da oxu: Emosional zəkanızı test edin

Amerikalı psixoloq, “Emosional zəka” kitabının müəllifi Daniel Qoleman iddia edir ki, həyatda uğur qazanmağın yalnız 20%-i intellekt (İQ) ilə bağlıdır. Bununla belə o bu fikrin emosional intellekt (EQ) ilə bağlı da yalnış təsəvvürlərin yaranmasına qarşıdır. Yüksək İQ uğurun sirrinin 20%-dirsə, bu o demək deyil ki, qalan 80% emosional intellekt ilə bağlıdır. Bununla belə, emosional zəka insanın həyatda uğur qazanması üçün əhəmiyyətli rol oynayır. D.Qoleman öz araşdırmalarında göstərir ki, orta məktəbi yüksək qiymətlərlə bitirən, ali məktəbə daxil olan insanların çoxu 30 yaşına çatanda qazandıqları uğurların həcmi orta səviyyədə olur.

Əlaçı məzunlar da digər insanlar kimi həyatda mübarizə aparırlar. Bir insanın məktəbi əla qiymətlərlə bitirməsi, onun sadəcə qiymətlərlə ölçülən fənlərdə uğur qazanması deməkdir. Həyatın çətinliklərini dəf edə bilib-bilməyəcəyini bu qiymətlərə görə müəyyən etmək mümkün deyil.

Elə problem də bundan ibarətdir: akademik zǝka həyatın gətirə biləcəyi dəyişikliklər və ya imkanlara hazır olmağı, demək olar ki, təmin etmir. Bununla belə, hətta ən yüksək IQ zənginliyə, prestijǝ, ya da xoşbəxtliyə zəmanət verməsə də, cəmiyyətimiz emosional zəka adlandırılan fenomenə çox böyük diqqət yetirmir. Halbuki emosional qabiliyyət – meta-istedaddır. Yəni, təlimsiz, xam zəka da daxil olmaqla, sahib olduğumuz digər istedad və bacarıqlardan nə qədər yaxşı istifadə edəcəyimizi müǝyyənləşdirən amildir.

Bərabər intellektə sahib iki nəfərdən biri həyatda uğur qazanarkən, digərinin nə üçün çıxılmaz vəziyyətə düşdüyünü anlamaq üçün onların emosional həyatda nə qədər bacarıqlı olduğunu bilmək çox mühümdür.

Ali təhsili olmayan, akademik zəkası nisbətən aşağı olan insanların iş həyatında, biznesdə ciddi uğurlar qazandığının çox zaman şahidi oluruq. Bəzən heç bir təhsili olmayan birinin təsis etdiyi şirkətdə yüzlərlə ali təhsilli mütəxəssislərin çalışdığını görürük.

Bir çox fakt göstərir ki, emosional zəka sahibi olan, öz hisslərini tanıyan və idarə edə bilən, başqalarının hisslərini oxuyaraq onlardan faydalı şəkildə istifadə edə bilən insanlar həyatın bütün sahələrində, istər romantik və intim münasibətlərdə, istərsə də siyasi təşkilatlarda müvəffəqiyyət qazandıran və sözlərlə ifadə olunmayan qaydaları mənimsəmək bacarığında, üstünlüyə malikdirlər. Yaxşı inkişaf etmiş emosional bacarıqlara sahib insanlar şəxsi məhsuldarlığın yüksəlməsinə yol açan zehni vərdişləri mənimsəyərək, daha məzmunlu və uğurlu həyat sürürlər; emosional həyatına nəzarət edə bilməyən insanlar isə, öz daxili dünyalarında müharibə aparmağa məcburdurlar, bu da onların aydın düşünmək və diqqətlə işləmək qabiliyyətini xeyli zəiflədir.

Emosional intellekt nədir?

Emosional intellekt özünüzün və başqalarının emosiyasını dəqiqliklə izah etmək qabiliyyətidir. Emosiyaların münasibətlər barədə ötürdüyü siqnalları başa düşməkdir, özünüzün və başqalarının emosiyalarını idarə etməkdir.

Psixologiya üzrə ixtisaslaşmış alimlərin apardığı tədqiqatlar göstərir ki, emosional zəka uğurlu liderliyin daha güclü göstəricisidir, nəinki texniki bacarıq, IQ və ya uzaqgörənlik. Emosional intellekt indi daha çox işəgötürmə və vəzifədə irəli çəkmə, fəaliyyətin qiymətləndirilməsi və professional inkişaf kursları üçün önəmli meyar hesab olunur.

Emosional intellekt insanın obyektiv şəkildə ölçə biləcəyi bir şey deyil. Lakin insan öz güclü və zəif cəhətləri barədə yanaşma və hisslərini aşağıda göstərilən 5 komponent ilə müəyyənləşdirə bilər. Siz öz emosional intellektiniz barədə nə qədər diqqətli davransanız və bunu başa düşsəniz, o zaman həyatınızda və karyeranızda emosional baxımdan bir o qədər stabil insan təsiri bağışlayacaqsınız.

Özünütanıma qüvvəsi

Özünütanıma öz davranışlarınız, hissləriniz və hərəkətləriniz barədə müşahidəçi və ətrafınızdakıların təsvir etdiyi qədər səmimi olmaq deməkdir. Özünüz barədə belə məlumat əldə etmək üçün heç də çox tənqidçi olmağa məcbur deyilsiniz. Lakin realist olmalısınız. Özünütanımanı yaratmaq asan deyil. Çünki bizdən ötrü normalda ən çətin olan məsələləri özümüzü təhlükəsiz hiss etmək üçün emosiyalarla maskalamağa çalışırıq. Davranış haqqında biliklərinizi inkişaf etdirmək üçün öz hisslǝrinizdəki müəyyən qanunauyğunluqları müəyyənləşdirməyə çalışın. Əsəbiləşəndə proseslərdən və məsələlərdən qaçırsınızmı? Əgər bir tapşırıq sizi narahat edirsə, geri qayıdıb onu tamamlamağa və üzərində yenidən işləməyə başlayırsınızmı? Hər günün sonunda özünüzü audit edirsinizmi? Məsələn, öz iş yolunuzda belə sualları özünüzə verirsinizmi: bu gün hansı müsbət və mənfi emosiyalarım ortaya çıxdı; özümü gün ərzində nə vaxt daha effektiv hiss etdim; davranışlarım nə vaxt yersiz idi; öz emosiyalarımı və fəaliyyətimi idarə etmək baxımından bu gün özümü necə qiymətləndirərdim?

Belə emosional vərdişlər bizim davranışımızdan tutmuş nəzarətimiz altında olan işlərə və başqa insanlara bağışladığımız təəssüratlara qədər müxtəlif aspektlərə təsir göstərə bilər. Lakin müşahidə etdiyiniz qanunauyğunluqlar daş üzərinə yazılmış yazılar deyil. Onlar plastik və elastikdir. Əgər sizin başqaları üzərində olan neqativ effektinizi artıq başa düşə bilirsinizsə, o zaman həmin təsiri dəyişə bilərsiniz.

Emosional davamlılıq və özünənəzarət

Əgər siz özünüz özünüzü tanıyırsınızsa, hirsli olduğunuz zamanı yaxşı biləcəksiniz. Növbəti addım isə emosiyalarınızı idarə etmək baxımından məlumatlı olmaqdır. Bu qabiliyyət özünü idarəetmə bacarığıdır. Bu bacarıq üç səbəbə görə vacibdir:

Birincisi, ətrafınızdakı insanlar (istər iş, istər ailə) sizin əhvali-ruhiyyənizə reaksiya verir. Əhvali-ruhiyyə ötürülə biləndir. Emosiyalarınızın rəngi ətrafınızdakı hər kəsə təsir göstərmək gücünə malikdir. Əhvali-ruhiyyənin yoluxuculuğu təsdiq olunmuş faktdır. Əgər siz pessimist vəziyyətdə və ya depressivsinizsə, ətrafındakı insanlar da belə olacaq. Hətta bu onların təbii ruh halı sizinki kimi olmasa belǝ. Əgər siz stresinizi hər kəsin görəcəyi şəkildə əks etdirirsinizsə, o zaman ailə üzvləriniz də, iş yoldaşlarınız da stres hiss etmiş olacaqlar. Bu ona görə baş verir ki, əhvali-ruhiyyə psixoloji səviyyədə açıq sistem vasitəsilə ötürülür. Bura hormon səviyyələri, ürək-damar funksiyaları, yuxu ritmləri və immun funksiyalar da daxildir. Bizim bədənimiz bu siqnallara şüuraltı şəkildə cavab verir və bu xüsusi fiziki dəyişikliklər bütün emosional təcrübəni yaxşı və ya pis olmasından asılı olmayaraq dəyişdirə bilir.

İkincisi, emosional davamlılıq sizə öz qərarvermə qabiliyyətinizi çox riskli anlarda sorğulamağa və yavaşlatmağa imkan verir, bu da sizin emosional qəbildən olan yanlış qərarlar verməyinizə maneçilik törədir. Uzunmüddətli qeyri-stabillik şəraitində və sərt neqativliklər anında beyni və soyuqqanlılığı qorumaq qabiliyyəti olduqca uğurlu keyfiyyət sayılır.

Nəhayət, özünənəzarət mexanizminiz sizin emosional davamlılığınızın bir hissəsidir. Öz impulslarınızı elə tənzimləməlisiniz ki, təşkilatınıza və ya karyeranıza xələl gətirəcək etik dalğalanmalara “yox” deyə biləsiniz. Özünənəzarət yüksək stresli vəziyyətlərdə çox güclü qabiliyyətdir.

Motivasiya və ətrafdakı insanların emosiyalarının idarə edilməsi

Motivasiya pul, sağlamlıq, gözəllik və status məqsədindən irəli gələn səbəblərə görə işləmə həvəsidir. Hədəflərə nail olmaq üçün enerji və davamlılıq göstərmək tendensiyasıdır. Əsas məqamları uğurlu olmağa güclü həvəs, hətta uğursuzluq qarşısında belə optimizmdir.

Emosial zəkası yüksək olan insanlar öz emosiyalarını idarə etdikləri kimi, ətrafında olan fərdlərin də emosional vəziyyətlərini yoxlayır və onlara reaksiya verirlər. Onların necə hiss etdiyi, yaxud da onların necə hərəkət edəcəyi barədə nəzarət sizdə olmasa belə, onların emosiyalarını məhsuldar şəkildə yönləndirə bilərsiniz.

Empatiya duyğusu

Başqa insanların emosional halını başa düşmək və onlarla emosional reaksiyalarına uyğun şəkildə davrana bilmək qabiliyyəti emosional zəkası yüksək olan insanların ən önəmli xüsusiyyətlərindəndir. Onun ən əsas məqamları emosional bağlar qurmaq və saxlamaq bacarığıdır.

Empatiya duyğusu hər insana xasdır. Başqalarının nə hiss etdiyini sezə bilməmək emosional zəka baxımından böyük çatışmazlıq, insan olmaq baxımından isə faciəvi bir uyğunsuzluqdur. Çünki qarşılıqlı anlayışın, şəfqətin kökü olan emosional ahəng empatiya qabiliyyətindən qaynaqlanır. Empatiya duyğusundan məhrum olan insanlar adətən psixopatlar olur.

İnsanlar nadir halda öz hisslərini dilə gətirir. Bunu çox vaxt başqa vasitələrlə ifadə edirlər. Başqasının nə hiss etdiyini sezə bilmənin açarı səs tonu, jestlər, üz ifadəsi və buna bənzər qeyri-verbal (sözsüz) informasiyaları oxuya bilməkdir.

Lakin emosional zəkası yüksək olan insanlar isə hər anda və çətinliklərdə empatik olmağı bacarırlar. Hər zaman başqalarının duyğularını anlayaraq ünsiyyət qururlar.

Sosial bacarlar

Münasibətləri idarə etmək və şəbəkələr qurmaq qabiliyyəti sosiallaşmaq bacarığı adlanır. Bu həm də insanlarla ümumi maraqlar kontekstini tapmaq və əlaqələr yaratmaq bacarığıdır. Sosial bacarığın mühüm məqamları dəyişiklikləri idarə etməkdə səmərəlilik, inandırmaq qabiliyyəti, komandalar qurmaq və idarə etmək bacarığıdır.

Sosial bacarıqlar başqaları ilə ünsiyyət zamanı effektiv olmağı təmin edir. Belə bacarıqların çatışmazlığı cəmiyyətdə səriştəsizliyə və ya şəxsiyyətlər arası münasibətlərdə dəfələrlə təkrarlanan problemlərə yol açır. Əslində, məhz bu bacarıqların yoxluğu ən parlaq zəkalı şəxslərin başqaları ilə münasibətlərini korlayaraq, onların kobud, zəhlətökən və ya laqeyd insanlar kimi tanınmasına səbəb olur. Bunlara sahib olan insansa təsadüfi görüşə lazımi xarakter verməyi, başqalarını təşviq və səfərbər etməyi, intim münasibətləri möhkəmləndirməyi, digər insanları inandırmağı, onlara təsir etməyi və təsəlli verməyi bacarır.
Sosial bacarıqlara ünsiyyət, fikri izhar etmək və başqaları üçün faydalı olmağı bacarmaq qabiliyyətləri daxildir.

Bir cavab yazın

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti