Effektiv nitqlərin hazırlanması üçün ipucları

Effektiv nitqlərin hazırlanması üçün ipucları

Bir çox piarçılar publik çıxışlar etməli olurlar. Bəziləri çıxış edəcək rəhbərləri üçün nitqlər yazırlar. Bəziləri isə bu işi sevmirlər. Çünki bu işi necə görməyi hər dəfə anlaya bilmirlər. Biz bu məqaləmizdə effektiv nitqlərin hazırlanması üçün ipucları barədə öz oxucularımıza məlumat verəcəyik. Əgər siz İctimaiyyətlə əlaqələr sahəsində çalışırsınızsa, ictimai həyatda fəal iştirak etməyi planlaşdırırsınızsa effektiv nitqlər hazırlamaq olduqca vacibdir. Yuxarıda sadalanan səbəblərdən hər biri insanları inandırmaq qabiliyyəti tələb edir. İnandırmaq isə nitqdən başlayır. Əgər siz yaxşı natiqsinizsə, sizi diqqətlə dinləyəcəklər və dediklərinizlə razılaşacaqlar. Sizin çağırışınıza qoşulub ardınızca gələcəklər. 

Çoxları düşünür ki, yaxşı natiq olmağı bacarmaq üçün bədən dili vacibdir. Və ya bəlağətli ifadələr işlətmək lazımdır. Ya da ki, mütləq şəkildə peşəkar diksiyaya sahib olmaq gərəkdir. Sözsüz ki, peşəkar diksiya və bədən dili vərdişlərinə, effektiv jesikulyasiyalara sahib olmaq sizə üstünlüklər qazandırır. Amma işin əsası deyil. Səhnədəki duruşunuz önəmlidir. Amma ondan da önəmli olanı danışarkən nələri dediyinizdir. Yaxşı natiq olmaqdan ötrü isə siz həmin nitqi əvvəlcədən planlaşdırmalı, strukturunu qurmalı və doğru cümlələri seçməlisiniz. 

Bəs effektiv ictimai çıxışları hazırlamaq üçün hansı məqamlara diqqət yetirmək lazımdır? 

Bu məqaləmizdə həmin məqamlardan bəhs edirik. 

1. Məqsədi müəyyənləşdirin 

Bütün işlərdə olduğu kimi, effektiv nitqlərin yazılması prosesində də doğru məqsədləri müəyyən etmək şərtdir. Məqsəd hər zaman vasitəyə haqq qazandırır. Siz doğru məqsədi müəyyən etdikdən sonra o məqsədə doğru gedən vasitələri də asanlıqla seçə bilərsiniz. Natiqlik də bu cürdür. Kimin üçün çıxış etdiyimizi, nə üçün çıxış etdiyimizi, hansı məqsədlərə nail olacağımızı müəyyən etməlisiniz. Çıxış nitqini düzgün tərtib edə bilmək üçün ilk növbədə kiminlə danışacağınızı bilməlisiniz. Beləliklər, effektiv nitqlərin hazırlanması üçün ilk addım məqsədi müəyyən etməkdir. 

Dəqiq müəyyən edilmiş problem, 50% həll edilmiş problemdir. Əgər həkim xəstəyə dəqiq diaqnoz qoya bilibsə, müalicəsini də 50% tamamlayıb deməkdir. Çünki istənilən işdə ən çətin mərhələ problemin dəqiq qoyuluşudur. 

Məqsədi müəyyən edərkən, aşağıdakı suallara cavab vermək lazımdır: 

  • Qarşısında çıxış edəcəyiniz adamlar kimlərdir? 
  • Onlar sizin çıxışınız haqqında nələri bilirlər? 
  • Mövzu ilə bağlı yanaşmaları necədir? 
  • Ağrılı nöqtələri haradadır? 
  • Sizin hansı sözləriniz onları razılaşmağa vadar edəcək? 
  • Hansı sözünüz onların etirazına səbəb olacaq? 
  • Nitqinizlə hansı nəticələri əldə etmək istəyirsiniz? 

Suallara cavab verərkən, sonuncu sualdan başlamaq lazımdır. Siz nitqinizi bitirdikdən sonra onlar nə etməlidirlər? Misal üçün, səs vermək, səhmləri almaq, iməcliyə çıxmaq, xeyriyyə fonduna ianələr etmək, davranışlarını dəyişmək və s. Nitqinizi də buna uyğun hazırlamalısız. 

Yuxarıdakı bəndləri ümumiləşdirərək dörd bənd üzərində işləməli olduğunuzu görəcəksiniz. 

  • İnformasiya vermək,
  • Əyləndirmək, 
  • İnandırmaq, 
  • Hərəkətə keçirmək (“Call to action”)

2. Nitqi strukturlaşdırın

Nitqi strukturlaşdırarkən sizin məqsədləriniz nəzərə alınmalıdır. Bütün mətnlərdə olduğu kimi, publik çıxış üçün hazırlanan mətnlərin də süjet xətti olmalıdır. Çıxışın start nöqtəsi, hadisələrin düyünlənməsi, kuliminasiya, düyünlərin açılması və final. Bədii əsərlərdə, filmlərdə, hətta kompüter oyunlarında belə vahid struktura malik süjet xəttinin olduğunu görürük. Bütün senarilərdə ümumi süjet xətti olsa da, publik çıxışlar üçün nəzərdə tutulan mətnlər marketinqdə daha çox istifadə olunan AİDA modeli və ya əyri piramida metodundan istifadə etmək daha effektivdir. 

AİDA (Attention, interest, desire, action) modelinə görə siz öz nitqinizlə ilk növbədə auditoriyanın diqqətini çəkməlisiniz. Sizin ilk cümlələriniz auditoriyanı dərin yuxudan oyatmalı və nəzərləri sizə yönəltməlidir. Bunu necə edəcəyiniz isə auditoriyadan və məqsədlərdən asılı olaraq dəyişir. 

Bunu da oxu: Marketinq strategiyasında ən vacib məqam – AİDA modeli

Nitqinizin mətnini hazırlayarkən nəzərə almalısınız ki, biz insanlar çox eqoist varlıqlarıq. Hər bir insan üçün dünyada ən vacib mövzu onun şəxsi ilə bağlı, ona fayda verən və ya əksinə zərər vuran mövzulardır. Bizim şəxsi mövqeyimiz, sağlamlığımız, reputasiyamız və ümumilikdə həyatımız ən vacib məsələdir. Elə bu səbəbdən də nitqlər hazırlanarkən bu məqamlar nəzərə alınmalıdır. 

Nitqinizlə AİDA modelinin ilk komponentinə nail olduqdan – yəni auditoriyanın diqqətini çəkdikdən sonra onların maraqlarına nail olmaqdan ötrü onların hər birinin qəlbinin incə telinə toxunmalısız. Sizi dinləməklə onların həyatlarınının daha da firavan və rahat olacağını desəniz, onlar qapının yerini axtarmazlar. Əks təqdirdə, auditoriyadakı insanlar ya tez-tez saata baxacaq, ya da ki, ilk imkan düşən kimi auditoriyanı tərk edəcəklər. Çünki biz insanlar eqoist varlıqlarıq. Bizə şəxsi fayda verməyən işlərə bir dəqiqə belə vaxt sərf etmək istəmirik. 

Auditoriyanın diqqətinə nail olmaqla hələ iş yekunlaşmır. Diqqət qazanıldıqdan sona etdiyiniz çıxışa maraq yaratmaq üçün istiqaməti qurmalısınız. Natiq öz nitqi ilə diqqət çəkmək və maraq yarada bilməkdən ötrü mövzuya tam hakim olmalıdır. Nitq hazırlanarkən bütün faktlar toplanmalı, sistemləşdirilməli, yoxlanılmalı və sonra mətnə daxil edilməlidir. 

Auditoriyanın diqqətini çəkdikdən və maraq yaratdıqdan sonra, növbəti mərhələdə onlarda sizin təklif etdiyiniz ideyalara qarşı istək də formalaşdırmalısınız. İstək formalaşdırarkən yenə də insanın eqosuna müraciət etmək lazımdır. Bu ideyaların sizin üçün deyil, məhz onların həyatının daha da yaxşılaşmasına xidmət etdiyi qeyd olunmalıdır. 

Nitqin strukturunda sonuncu mərhələ isə auditoriyanı hərəkətə keçirməkdir. Burada nitq üçün son məqsədiniz öz əksini tapmalıdır. Sizin hazırladığınız mətn məhz “ACTİON” üçündür. 

3. “ÜÇ” prinsipi 

Kağız və qələmi əlinizə götürdüyünüzdə, fikirlərinizi necə ifadə edəcəyinizi bilmirsinizsə, onları bir neçə hissəyə bölün. Misal üçün üç hissəyə. Üç prinsipi tək publik çıxışlarda deyil, həyatın bütün sahələrində effektivdir. İstənilən çətin tapşırığı üç hissəyə bölməklə daha da asan şəkildə icra edə bilərsiniz. İstənilən çətin problemi üç hissəyə bölərək həll etmək, tək həll etməkdən daha effektivdir. 

Siz mətnlərdəki ideyalarınızı da üç hissəyə bölməklə yazdıqda, fikirləriniz xaotik deyil, daha sistemli olur ki, bu da öz növbəsində həm yazını asanlaşdırır, həm də şifahi nitqi. Siz auditoriya qarşısında çıxış edərkən yazdığınız mətni əzbər söyləməniz demək olar ki, mümkünsüzdür. Amma üç tezisi yadda saxlamaqla, siz nitqinizi şifahi danışa bilərsiz. 

Üç blokun hər biri hansısa tezisə həsr olunur. Hər bir tezis bir “call to action” ilə yekunlaşmalıdır. Hər üç hissənin özünü də üç hissəyə bölə bilərsiniz. Beləliklə işinizi daha da rahat bir şəkildə qurmağı bacaracaqsınız. Fikirlər buludunu toparlamaq, yazıya tökmək və sonra o yazını nitq halına gətirmək çətindir. Amma üç tezis və hər birini də üç hissəyə bölmək həm rahatdır, həm də effektiv. Beləcə əlinizdə cəmi doqquz istiqamət olacaq. 

4. Anonslar verin

Nə haqqında danışacağınızı bildirin. Publika anonsları sevir. Hadisələrin nəyə doğru cərəyan edəcəyini bilmək istəyir. Kontrol illüziyasını sevir. Bütün kartları bəri başdan açmayın. Amma intriqa yaradaraq ümid verin. 

5. Başlanğıca diqqət edin

Ən çətin hissə başlanğıcdır. Nitqin əvvəlini diqqətlə düşünün. Başlamaq həmişə çətindir. Natiq daim başlanğıcda çətinlik çəkir. Çünki auditoriyanı hələ ki, tanımır. Ona necə reaksiya verəcəyini bilmir. Ona görə narahatdır. 

Auditoriya da daim başlanğıcda şübhəli olur. O da düşünür ki, bu səhnəyə çıxan adam kimdir və bizə nə demək istəyir? Auditoriyanın şübhəli baxışları natiqi daha da çətin vəziyyətə salır. Özünüzü yaxşı təqdim edin. Özünüzün nə qədər peşəkar olduğunuzu ifadə edin ki, publikanın sizə qarşı etimadsızlığı qalmasın. Auditoriya ilə aranızdakı buzları əritmək üçün vasitələr düşünün. Zarafatlar, maraqlı lətifələr buzları əritmək üçün yaxşı vasitələrdir. Amma bunu da həddində etmək lazımdır. 

6. Maraqlı hekayə və yaxşı sitat

Dinləyicilərin diqqətini cəlb etmək üçün ən yaxşı üsul hekayə danışmaqdır. Biz hamımız başqa adamların hekayələrini dinləməyi xoşlayırıq. Məhz bu səbəbdən romanlar oxuyuruq, kinolara baxırıq və qonşuları müzakirə edirik. İnsanlara sakit hekayələr də maraqlı deyil. Biz konfliktləri sevirik. Gözəl bir qızın qəlbinə sahib olmaqdan ötrü bir-biri ilə amansız mübarizə aparan iki aşiqin hekayəsi bizə çox maraqlıdır. Onlardan biri qalib gəldikdən sonra hekayə bitir və bizim də marağımız itir. Hekayələrdəki konfliktlər maraqlıdır. Siz konfliktli qısa hekayələr danışaraq auditoriyanı ələ ala bilərsiniz. 

Çıxış mətnlərini yaxşı sitatla başlamaq isə istənilən çıxış üçün əla ədviyyatdır. Onun iki müsbət tərəfi var: 

  • Maraqlı hekayə kimi diqqət çəkir, 
  • Natiqin çıxışına güvən gətirir. 

7. Doğru da yoxdur. Yalnış da yoxdur

Bu həyada mütləq həqiqət yoxdur. Mütləq yalan da yoxdur. Yalnız populyar olan fikir var. İnsanlar öz fikirlərinin və ya inanclarının dəstəklənməsini sevirlər. Siz auditoriya qarşısında populyar olan bir fikrə qarşı çıxsanız, ən yaxşı halda həmin auditoriya üçün maraqsız olacaqsınız. 

Əksər insanlar artıq inandıqları şeyləri dinləməyi sevirlər. Əgər bir insan qatı dindardırsa, ona dinin mövqelərini güclü təqdim edən mövzulara qulaq asacaq. Ateist insan isə, öz ideyalarını əsaslandıran fikirləri dinləyəcək və ya yayacaq. 

Biz özümüz də, İnternetdə yalnız bizim inanclarımızı təsdiqləyən məqalələri oxuyuruq. Antoqonist fikirlərə qarşı isə marağımız azdır. Hər birimiz məhz özümüzün fikrimizi dilə gətirən siyasətçinin çıxışlarına qulaq asırıq. Biz həmin siyasətçini doğrudan da haqlı olduğu üçün deyil, fikirləri bizim fikirlərimizlə üst-üstə düşdüyü üçün dəstəkləyirik. Fərqli fikirlər səsləndirənlər isə bizə sadəcə maraqsızdır. 

Müraciət etdiyiniz auditoriyaya da bu gözlə baxın. Onların marağını çəkmək və hərəkətə keçirmək istəyirsinizsə, məhz inanc amilini nəzərə alın. Onlar tərəfindən antaqonist kimi qəbul olunacaq fikirləri dilə gətirməyin. 

Sözsüz ki, bu da sizin məqsədinizə bağlı məsələdir. 

Bir cavab yazın

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti