Yəqin ki, günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı anlama gəldiyini bilmirsiniz. Bu məqalədə həmin ifadələrin anlamına aydınlıq gətiririk.
Öncə onu deyək ki, Demoqrafiya hər bir ölkənin taleyidir. Ölkənin gələcək inkişafını, iqtisadi və hərbi potensialını qiymətləndirmək baxımından demoqrafiya çox önəmlidir. Dünyanın bütün güclü ölkələri əhali sayı çox olan ölkələrdir. Ölkə əhalisinin sayı və xarakteristikası ölkənin nəyə nail olacağına təsir edir. Məsələn, 2050-ci ilədək “Çin və Hindistan rəhbərliyi ilə yeni inkişafa başlayan iqtisadiyyatlar inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə daha böyük olacaq”. Avstriya, Belçika, Danimarka, Norveç və İsveç kimi aşağı doğum səviyyəsi olan Avropa ölkələri dünyanın 30 ən böyük iqtisadiyyatı siyahısından çıxacaq. Demoqrafiya – sosial tədqiqatlar məqsədilə əhali xarakteristikalarını öyrənən sahə, menecerlərin necə idarə etməsinə böyük təsir göstərə bilər. Əhali xarakteristikalarına yaş, gəlir, cins, irq, təhsil səviyyəsi, etnik tərkib, iş vəziyyəti, coğrafi yerləşmə və başqaları aiddir. Bunlar dövlətin siyahıyaalmalarında toplanan məlumatlardır.
Bəs X, X və Z nəsilləri kimlərdir və bunun demoqrafiyaya nə aidiyyatı var.
Günümüzdə iqtisadiyyatın bütün sahələri üçün yaş əhəmiyyətli demoqrafik faktora çevrilib. Bu səbəbdən də, əsasən ABŞ-də insanlar yaş kateqoriyalarına görə “Baby boomer”, X, Y və Z nəsillərinə bölünüb. Bu sözsüz ki, rəsmi adlandırma deyil, amma sosial mediada kifayət qədər populyarlıq qazandığına görə dünyaya da yayılıb.
Hazırda isə bu ifadələr tədqiqatçıların ABŞ əhalisinin çox məşhur dörd yaş qrupuna verdiyi adlardır. “Uşaq partlayışı” (Baby boomer) insanları 1946-1964-cü illər arasında doğulmuş insanlar haqda işlədilən ifadədir. Siz partlayış dövrü insanları barədə çox şey eşitmisiniz, çünki onların sayı həddən artıq çoxdur. Bu yaş qrupundakı insanların əksər hissəsi xarici mühit üzərində böyük iz buraxmış insanlardır. Onlar təhsil sistemindən tutmuş əyləncə sektoruna, sosial müdafiədən tutmuş səhiyyəyədək bir çox sahələri əhatə edir və bir neçə həyat mərhələləri keçiblər. X nəsli 1965-1979-ci illər arasında doğulmuş şəxsləri bildirən ifadədir. Bu yaş qrupu həm də uşaq doğumunun kəskin azalması ilə yadda qalan nəsil kimi tanınır, o, “uşaq partlayışı” dövründən sonra başlayıb və kiçik yaş qruplarından sayılır. Y nəsli (ya da mileniallar) 1980- 1996-cü illər arasında doğulmuş şəxsləri əhatə edən yaş qrupudur. “Uşaq partlayışı” dövründə olduğu kimi, bu yaş qrupu da sayca çoxluq təşkil edir və xarici mühit şərtləri üzərində dərin izlər qoyur. Texnologiyadan geyim tərzinə, iş yerinə olan münasibətlərə qədər. Y nəsli bugünkü iş yerlərinə forma verən, iş yerlərində ən çox üstünlük təşkil edən yaş qrupudur. Daha sonra Z nəsli – ən gənc yaş qrupu gəlir. Demoqraflar bu yaş qrupunun konkret hansı illərdə doğulan insanları əhatə etdiyini göstərə bilməsə də, onlar ümumi olaraq 1997-2012-ci illər arasında doğulanlardır. Z nəsli çox böyük qrupdur. Onlar 30 yaşa qədər olan insanlardır və ABŞ əhalisinin 25,9 faizini təşkil edirlər. Z nəsli qrupunu xarakterizə edən əsas əlamət odur ki, onlar ABŞ-ın ən müxtəlif və multikultural nəslinin nümayəndələridir. Bu nəsli xarakterizə edən əsas özəllik onların sosial əlaqə vasitələrinin, əsasən, elektron üsulla olmasıdır. Onlar bu üsulla öz fikirlərini və dünyagörüşlərini azad şəkildə ifadə edirlər. Onlar yeganə qrupdur ki, reallıq ətraflarında İnternet, mobil cihazlar və sosial şəbəkələr vasitəsilə yayılır. Demoqrafik yaş qruplarının öyrənilməsi idarəetmənin öyrənilməsində vacibdir. Çünki konkret yaşlarda olan insanların sayı bizneslərin, hökumətlərin, təhsil müəssisələrinin və digər təşkilatların menecerlərinin qərarlarını və hərəkətlərini məhdudlaşdıra bilər. Demoqrafiyanın öyrənilməsi yalnız cari statistikaya baxılmaqla deyil, həm də gələcək trendləri öyrənməklə həyata keçirilməlidir.
Gələcək trendlər hansılardır?
- Doğumun son analizi göstərir ki, doğulan uşaqların 80 faizi Afrika və Asiyanın payına düşür.
- Bu illərdə Hindistan dünyanın ən gənc ölkəsi sayılacaq. Orada orta yaş həddi həmin il 29 yaş təşkil edəcək.
- Proqnozlara görə, 2050-ci ildə Çində bütün dünyada olandan daha çox – 65 yaş və daha yaşlı insan olacaq.
İnsanlıq tarixinə baxsaq, yaşı 65-dən yuxarı olan şəxslərin sayı heç vaxt ölkə əhalisinin 3 və ya 4 faizindən artıq olmayıb. Lakin 2050-ci ildə bu rəqəm ortalama 25 faizə çata bilər.